“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun təsdiqləndi
8 Dekabr 2023 12:32 SiyasətMilli Məclis "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunu üçüncü oxunuşda qəbul edib. "Olaylar" xəbər verir ki, layihə 6 fəsil, 27 maddədən ibarətdir. Azərbaycanda ilk dəfə 1998-ci ildə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun qəbul edilib. Ancaq ötən müddət ərzində bu sahədə bəzi boşluqlar yaranıb və yeni bir qanuna ehtiyac duyulub. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.
Qanun layihəsində qiymətləndirmə fəaliyyətinin daşınar əmlakın, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, müəssisələrin, qeyri-maddi əmlak nemətlərinin, debitor və kreditor borcların, material ehtiyatlarının və digər aktivlərin və öhdəliklərin, təbii sərvətlərin, dəymiş zərərin, əldən çıxmış mənfəətin, risklərin, xidmətlərin və s. qiymətləndirilməsi kimi istiqamətləri nəzərdə tutulub.