Azərbaycanın real gücə çevrilməsi Qərb ölkələrini ciddi narahat edir- ÖZƏL

"Azərbaycanın bu gün real olaraq getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlum olan bir reallıqdır. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq  ABŞ və Fransa kimi superdövlətlər də  Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən, ölkəmizdə siyasi sistemin gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31