Növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur- ÖZƏL
8 Dekabr 2023 12:28 Siyasət"Növbədənkənar seçkilər bütün namizədlərin real potensialını obyektiv qiymətləndirmək üçün unikal fürsət yaradır. İlk növbədə, qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu hal bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Başqa sözlə desək, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı olan müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər".