Növbədənkənar Prezident seçkiləri xalqın iradəsinə söykənir- Deputat
8 Dekabr 2023 11:38 Siyasət"Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərarı məntiqlidir və xalqın iradəsinə söykənir". Olaylar xəbər verir ki, bunu Millət vəkili Fəzail Ağamalı parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib: "Azərbaycan artıq qalib dövlətdir. Prezident İlham Əliyev 2018-ci ildə yenidən dövlət başçısı seçiləndən sonra qarşıya qoyduğu bütün hədəflərə çatdı, uzun illər xalqı narahat edən separatçı yuvanı yerlə-bir etdi. Həm ərazi olaraq bütövləşdik, həm də suverenliyimiz təmin edildi".
Deputat əlavə edib ki, yeni çağırışlar var və buna uyğun olaraq növbəti illərdə Azərbaycanı yüksək səviyyəyə qaldırmağa ehtiyac duyulur: "Gələn ilin Prezident seçkiləri məntiqlidir və Azərbaycan xalqının iradəsinə söykənir. İnanıram ki, xalqımız bu dəfə də yüksək siyasi fəallıqla İlham Əliyevə səs verəcək, növbəti illərdə Azərbaycanı daha da irəliyə aparmaq imkan yaradılacaq. Buradan seçkilərə qarşı çıxan radikal qüvvələrə deyirəm ki, buyurun, meydan açıqdır. Əgər özünüzdə siyasi iradə və güc görürsünüzsə, seçkilərdə iştirak edin".