Azərbaycan öz müstəqillik tarixində ilk dəfə bütün suveren ərazilərində seçki təşkil edəcək - ÖZƏL

"Prezident seçkisi istənilən dövlətin siyasi həyatında ən mühüm hadisələrdəndir". 
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan növbədənkənar prezident seçkisinə gedir. Sual ola bilər ki, bu qərar birdən-birə niyə verildi? Mən düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev hər şeydən öncə xalqa verdiyi sözlərə əməl etdiyinə, qarşıya qoyulan 7 illik proqramlara, vədlərə əməl etdiyinə görə, düşünür ki, etimadı yeniləmək, ölkədə yeni prezident seçkisi keçirmək zərurəti yaranıb. Ona görə də, bu növbədənkənar seçki elan edilib. Bununla bağlı sərəncam artıq imzalanıb, qüvvəyə minib. 
İkinci bir tərəfdən nəzərə almalıyıq ki, Azərbaycan öz müstəqillik tarixində ilk dəfə bütün suveren ərazilərində bu seçkini təşkil edəcək. Yəni, fevral ayında keçiriləcək prezident seçkisi bu baxımdan da əlamətdar olacaq. Bilirsiniz ki, müstəqillik dönəmində Azərbaycan Respublikasının ərazisində tam olaraq seçkini təşkil etmək mümkün olmurdu. Qarabağ, Şərqi Zəngəzur ərazisi Ermənistanın işğalı altında olduğuna görə, o ərazilərdə nə prezident, nə bələdiyyə, nə parlament seçkisini təşkil etmək olmurdu. Doğrudur, onlar üçün də deputatlar seçilirdi. Amma həmin ərazilərdə seçkilərin keçirilməsi təmin edilə bilmirdi. Yəni, məcburi köçkün soydaşlarımız yaşadıqları ərazilərdə səs verirdilər. İndi isə artıq tam ərazi bütövlüyü şəklində seçki olacaq. Qarşıda da, yəqin ki, elə 2024-cü ildə parlament seçkisinin keçirilməsi planı var. O da prezident seçkisi ilə bərabər, parlament seçkisinin də ilk dəfə Azərbaycanın bütün suveren ərazisində təşkili baxımından əlamətdar olacaq. 
Əlbəttə ki, çox önəmli bir mərhələyə daxil oluruq. 2024-cü il bir tərəfdən prezident seçkisi, ardından da parlament seçkisi Azərbaycanın siyasi həyatında mühüm dəyişikliklərə səbəb olacaq və bütövlükdə növbəti mərhələ üçün Azərbaycanın siyasi elitası daha güclənmiş bir şəkildə meydana çıxacaq.
Mən düşünürəm ki, belə əlamətdar bir mərhələdə hər bir vətəndaşımız fəal olmalı, prosesdən kənarda qalmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31