Vaşinqtonun öz hədəflərinə nail olmaq üçün həqiqətən də Bakıya böyük ehtiyacı var-Züriyə Qarayeva- ÖZƏL

"Bu artıq ənənəvi haldır ki, Azərbaycan və ABŞ arasındakı münasibətlər hər zaman birmənalı olmayıb." Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Yəni, eniş-yoxuşlar daim müşahidə olunub. 1991-ci ildə -Azərbaycanın müstəqilliyinin əldə olunmasından sonra Azərbaycan əleyhinə  "Azadlığa dəstək aktı"na 907-ci düzəliş" adlı sənəd qəbul olunmuşdu. Bu ilk  dövrdə Azərbaycan- ABŞ əlaqələrində müəyyən qədər qırılma nöqtəsinin yaranmasına gətirib çıxarmışdı, ardınca Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu strateji siyasət nəticəsində Azərbaycanın nüfuzu günü-gündən artdıqca, Azərbaycan qüdrətli bir ölkəyə çevrildikcə - əlbəttə ki, "Əsrin müqaviləsi"-nin imzalanması da bunun bir bariz nümunəsi oldu-  ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin müəyyən qədər yaxşılaşması, yəni get-gedə bu xəttin intensiv  istiqamətdə yüksəldiyinin  şahidi olduq. Nəticə etibarilə müasir dövrdə iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm digər sahələrdə mühim əlaqələr formalaşdı. Əlbəttə ki, xüsusən də "11 sentyabr terroru"-dan sonra  ABŞ-nin formalaşdırdığı beynəlxalq antiterror koalisiyasında Azərbaycanın fəal iştirakı, Əfqanıstanda, başqa bölgələrdə sülhməramlı missiyaların tərkibində ölkəmizin fəaliyyəti bu əlaqələrin inkişafında yeni mərhələyə gətirib çıxardı və elə ardınca da "907-ci düzəliş"in dondurulması məsələsi gündəmə gəldi. Ən sonda 44 günlük Vətən Müharibəsindən sonra Amerikanın bu prosesdə yer alması, yetişən vəziyyətdən ənənəvi olaraq payalma siyasətinin  şahidi olduq. Amerika ciddi -cəhdlə sülh danışıqlarının vasitəçi missiyasını qazanmağa çalışırdı. Lakin qısamüddətli antiterror tədbirlərindən sonra ölkəmizin tamamilə münaqişə ocağını aradan qaldırması, hər hansı bir tərəflərin müdaxiləsi üçün heç bir rəvacın mövcüd olmaması bəzi qüvvələri narahat etməyə başladı və elə bu çərçivədə də Vaşinqtonla Bakı xəttində müəyyən bir gərginlik yaşandı. Əlbəttə ki, bu da Amerika rəsmilərinin Azərbaycanın haqq işinə yönəlik aqresiv münasibətinin nəticəsi idi. Lakin Azərbaycan özünün haqlı, uğurlu, doğru hədəflər üzərində formalaşmış strategiyasını davam etdirdikcə, özünün cəsarətli mövqeyindən bi addım belə geri çəkilmədikcə qarşı tərəf, Amerika da daxil olmaqla başa düşürlər ki, Azərbaycanı haqq işindən geri çəkmək mümkün deyil. Regionda formalaşan yeni siyasi konfiqurasiyadan da, yeni reallıqlardan da bir növ faydalanmanın tək yolu, elə bu regionda olan ölkələrlə, başda da Azərbaycanla normal münasibətlərdən keçir. Məlum məsələdir ki, Cənubi Qafqaz qlobal məkan üçün olduqca mühim bir bölgədir, geostrateji baxımdan önəmli bir bir bölgədir, nəqliyyat əlaqələrinin qovşağı rolunda çıxış edən bir bölgədir, enerji layihələrinin mənbə olduğu miqyasda bir bölgədir. Belə bir coğrafiyada baş verən, formalaşan reallıqlardan da dividendlər qazanmağın yeganə yolu elə bu coğrafiyanın, bu bölgənin aparıcı ölkəsi olan Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Hesab edirəm ki, elə bu çərçivədə Amerika ilə Azərbaycan əlaqələrinin hal-hazırda  bir yumşalma mərhələsinə keçməsi heç də təsadüfi deyil. Elə ABŞ dövlət katibinin Cənubi Qafqaz məsələləri üzrə müşaviri O`braynın Azərbaycana səfəri, cənab Prezidentlə apardığı müzakirələr, müzakirələr çərçivəsində enerji məsələlərinin də, nəqliyyat xətti layihələrinin də Mərkəzi Asiyadan Avropaya yönəlik nəqliyyat xəttinin müzakirəsi də düşünürəm ki, Azərbaycanın bu məsələlərdə, bu proseslərdə nə dərəcədə önəmli bir ölkə olduğunun göstəricisidir. Sülh danışıqlarına da gəlincə cənab Əliyev də O`braynla görüşdə bu məsələni, bu yanaşmanı ortaya qoydu ki, Vaşinqtonun yeni reallıqları nəzərə alaraq sülh danışıqları prosesinə töhfə verə bilməsi mümkündür, yalnız o şərtlə ki, ABŞ Azərbaycanın suverenliyinə, özünün haqq işinə, suverenliyinin, konstution hüquqlarının bərpası məsələsinə hörmətlə yanaşmalıdır. Eyni zamanda Orta dəhliz mövzusu ilə  bağlı müzakirələr də bu görüşmədə həyata keçirilib. Düşünürəm ki, Vaşinqtonun həqiqətən də öz hədəflərinə nail olması üçün Bakıya böyük ehtiyacı  var. Buna görə də ABŞ Azərbaycanla konfrontasiya deyil, məhz nünasibətləri uzlaşdırma, diplomatik məsələləri konstruktiv həddə gətirmək marağındadır. Azərbaycan da bu üstünlüklərdən diplomatik müstəvidə əlbəttə ki, istifadə edir və ona görə də düşünürəm ki, bundan sonra da əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31