ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar dünyada qəbul edilir

Azərbaycana qarşı total hücumlar təşkil edən ölkələrin demokratiya pərdəsi yırtılıb. Fransa, Almaniya kimi qərb dövlətləri tərəfindən ölkəmizə qarşı başlanılan təzyiq kompaniyası Amerikada tənəzzülə uğramaqdadır. Tam səngiyib ona görə yazmıram ki, sadalanan ölkələrdə dövlət maraqlarına qarşı çıxan kifayət qədər qruplar mövcuddur. İstənilən konqresmen, yaxud senator yerindən durub ağzına gələni deyir və çox təəssüf ki, dediyi sözün məsuliyyətini də daşımır. Ona görə, mümkündür ki, erməni diasporasının pulu kimisə danışdıra bilər və bu da yüksək səviyyədə əldə edilən razılaşmaya xələl gətirər. Ortada cənab Borrel və madam Metsola kimi təxribatçı nümunələr var. Lakin fakt odur ki, hazırda ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıtmaq üzrədir. Bunu dekabrın 6-da Prezident İlham Əliyev və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn arasında keçirilən görüş də təsdiq edir. Baxmayaraq ki, Prezident İlham Əliyev ABŞ Dövlət Katibi köməkçisini uzun minnət, xahişdən sonra qəbul etdi, amma Ceyms Obrayn görüşdən məmnun ayrıldığını bildirib: "ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə ilk konstruktiv söhbət apardıq. Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq". Bəli, Azərbaycan dövləti və cəmiyyəti də regionda davamlı və ləyaqətli sülhün bərqərar olmasını istəyir. Ancaq Qərb və ABŞ kimi regionda marağı olan dövlətlər buna imkan verəcəkmi? Elə Prezident İlham Əliyev də Azərbaycan dövləti və xalqının istəklərini "fəxri" qonağın diqqətinə çatdırıb. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd edib. Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışıb.

Ceyms Obrayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb. Ceyms Obrayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.

Görüş zamanı aparılan müzakirələrdən əldə edilən nəticə ondan ibarətdir ki, artıq ABŞ-Azərbaycan əlaqələri müsbət məcraya qayıdır. Başqa sözlə, ABŞ Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratdığı reallığı qəbul edir. Ancaq etiraf edilməlidir ki, ABŞ-ın mövcud reallıqla hesablaşması təsadüfi qəbul edilmiş qərar deyil. Görünür, regionda baş verən proseslər, Azərbaycanın dünya ölkələri üçün əhəmiyyəti və sair kimi məsələlər Birləşmiş Ştatlarda əməlli-başlı təhlil edilib və lazımi qərar verilib. Onu da qeyd etməliyik ki, ölkəmizə qarşı edilən qərəzli təzyiqlər zamanı  Azərbaycanın öz prinsipial iradəsini ortaya qoyması da ABŞ-ın mövqeyini korrektə etməsində xüsusi rol oynadı. Azərbaycan dünyaya bəyan etdi ki, yaranan yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar yaranıb. Amerika da prosesin irəli aparılmasında yardımçı ola bilər. Məhz Obraynın səfəri bu xüsusda önəm daşıyır. Razılaşdırılan digər məsələlərdən biri də Azərbaycan rəsmilərinin ABŞ-a səfərlərinin  bərpa olunması ilə bağlıdır. Məlumdur ki, qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin müsbət məcrada davam etdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bununla da ABŞ-Azərbaycan əlaqələrinin əvvəlki səviyyəsinə qayıtmasını güman etmək olar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31