Ümummilli lider Azərbaycan dövlətinin qurucusu və memarıdır

Heydər Əliyev Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli lider Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. Birmənalı şəkildə qeyd edilməlidie ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlıdır. Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.

Ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitlik yaradıldıqdan sonra iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı. Belə ki, ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində  qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələblərinə  müvafiq təşkili və idarə edilməsi, istehsal və qeyri-istehsal sahələrinin  infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin   müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə nail olunmuşdur. Heydər Əliyev  tərəfindən müəyyənləşdirilən və hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla və uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi və dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas  yaratmış və bunlar dönməz xarakter almışdır.

Ümumilli lider  Heydər Əliyevin müəllifi olduğu və həyata keçirdiyi sosial siyasət bir model kimi elmi-nəzəri əsaslara söykənirdi. Elə bu səbəbdən də bu model bugün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə həm də ildən ilə daha da təkmillləşdirilir. Ulu Öndərimiz sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü. Baxmayaraq ki, 1993-2003 illərdə müstəqil Azərbaycan dövləti özünün yeni, kövrək addımlarını atırdı lakin dövlətimiz özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Bu mənada Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi. Heydər Əliyevin sosial siyasətinin prioritetləri əsasən pensiya islahatları, güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi, yoxsulluğun azaldılması, sosial müdafiənin gücləndirilməsi, regional idarəetmənin təkmilləşdirilməsi, məqsədli dövlət proqramlarının inkişafının stimullaşdırılması və sosial problemləri yaradan səbəblər aşkarlanaraq aradan qaldırılması idi. Bununla bərabər bu prioritetlərə uyğun olaraq, Milli Qanunvericiliyimizdə güclü hüquqi baza quruldu, social siyasət sahəsində beynəlxalq konvensiya və qətnamələr ratifikasiya olundu. Konstitusiyamız daxil olmaqla, mövcud qanunlarımız təkmilləşdirildi.Göründüyü kimi, Ulu Öndərimizin uğurla həyata keçirdiyi sosial siyasətini uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir modeldir. Bu mənada əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ədalətli sosial siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, hər bir vətəndaşın rifah içində yaşamasının, Azərbaycan dövlətinin daha da qüdrətlənməsinin və yeni zirvələrin fəth edilməsinin təminatçısı oldu.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31