Fransa başda olmaqla bəzi ölkələrin bəyanatları bölgədə sülh yaradılması səylərinə xələl gətirir - Spiker

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Həm Almaniya Federativ Respublikasına, həm də Çex Respublikasına rəsmi səfərlər zamanı keçirilən bütün görüşlərdə həmsöhbətlərimizə Cənubi Qafqaz bölgəsində mövcud olan vəziyyət barəsində ətraflı məlumat verildi. Ermənistanın siyasi və hərbi təxribatları, bu ölkənin son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri diqqətə çatdırıldı". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədri Sahiba Qafarova  parlamentin 2023-cü il 05 dekabr tarixli plenar iclasında çıxışında deyib: "Görüşlər zamanı mən qeyd etdim ki, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmamışdır. Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələr də vurğulandı. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar ilə əlaqədar bildirdim ki, bəzi dövlətlər barəsində qəbul edilən qərarlar dərhal icra olunduğu halda, müəyyən hallarda beynəlxalq hüquqa məhəl qoyulmadığı müşahidə edilir. Bu xüsusda Azərbaycan misal gətirildi. Xatırlatdım ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. BMT-nin Təhlükəsizlik Şurası başda olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.

Qeyd etdim ki, Fransa başda olmaqla bəzi ölkələrin və onların parlamentlərinin regiondakı reallıqları təhrif edən, tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatları uzunmüddətli və möhkəm sülh yaradılması səylərinə xələl gətirir.

Sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zəruriliyi vurğulandı. Nəzərə çatdırdım ki, dövlətimiz regionda daimi sülhün təmin olunmasını istəyir və bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31