"The Washington Post"-un belə bir məqalə ilə çıxış etməsi sırf siyasi motivlərlə bağlıdır - ÖZƏL
5 Dekabr 2023 10:27 Siyasət"ABŞ-ın "The Washington Post" qəzetinin belə bir yazı ilə çıxış etməsi, hesab edirəm ki, Amerikanın son dövrlər Azərbaycana qarşı xoş olmayan münasibətinin nəticəsidir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Son dövrlər Amerikanın Azərbaycana qarşı qərəzli mövqeyini, ABŞ rəsmilərinin Azərbaycana qarşı ittiham dolu bəyanatlarını müşahidə edirik. Bunlardan sonra "The Washington Post" qəzetində Azərbaycana qarşı belə sərt ittihamlarla dolu bir məqalənin çap edilməsi təəccüblü deyil, ənənəvi Amerika siyasətidir. Mətbuat orqanları da nə qədər müstəqil olduqlarını söyləsələr belə, onlar təbii ki, Amerika siyasi dairələrinin nəzarəti, təsiri altındadırlar və bu cür reallığı əks etdirməyən yazılarla çıxış edirlər. Ölkədə korrupsiyanın və yaxud da ki, rüşvətin olması ilə bağlı məsələləri "The Washington Post"-un yazmasına ehtiyac yoxdur. Azərbaycanda müəyyən rüşvət hallarının olması ilə bağlı müəyyən faktları biz özümüz də rəsmi şəkildə açıqlayırıq və belə hallara qarşı mübarizə aparılır. Yəni, bu qəzetin belə bir yazı ilə çıxış etməsinə ehtiyac yoxdur. Biz bütün neqativ halları bilirik və onların həlli istiqamətində cəmiyyət səfərbər olub. "The Washington Post"-un belə bir məqalə ilə çıxış etməsi sırf siyasi motivlərlə bağlıdır. İki dövlət arasında son dövrlər gərginliyin yaşanması media qurumlarının çıxışlarına da təsir edib".