Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz
17 Noyabr 2023 12:06 SiyasətÖlkəmizin heç bir dövlət qarşısında öhdəliyi yoxdur
Azərbaycanın işğal altında olan torpaqlarını azad etməklə ərazi bütövlüyünü təmin etməsi dünyanın güc mərkəzlərinin əməlli-başlı narahatçılığına səbəb olub. Artıq bəzi ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar ən müxtəlf adlar altında tədbirlər keçirərək ölkəmizə qarşı qərəzli sənədlər qəbul etmək üçün növbəyə durublar. Acınacaqlı haldır ki, Azərbaycana qarşı təzyiq məsələsində Avropa ilə Amerika müttəfiqlik nümayiş etdirir. Avropa dövlətlərinin qərəzli qərar və qətnamələrinin nəticə vermədiyindən qeyzlənən ABŞ aktiv fəaliyyətə keçib. Belə ki, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmə keçirilib. Dinləmədə altkomitənin sədri konqresmen Tom Kin sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsinə toxunaraq, Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu vurğulayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Brayn Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu vurğulayıb. ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını qeyd edib: "Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək". Göründüyü kimi ABŞ Dövlət Departamentinin nümayəndəsi açıq-aydın şəkildə Azərbaycanla təzyiq dilində danışır. Lakin tarix dəfələrlə sübut edib ki, ermənidən çox erməni olmaq heç bir dövlətə, heç bir siyasətçiyə fayda verməyib. Amma bütün bunlara baxmayaraq amerikalı siyasi tör-töküntüləri erməni diasporasının maddi dəstəyi danışdırır. Sözssüs ki, belə bir dinləmələrin keşirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Bütün halda heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Çünki, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Əksinə, ABŞ Cənubi Qafqazda, yaxud Mərkəzi Asiyada nüfuzunu bərpa etmək niyyətindədirsə Azərbaycanla münasibətlərini korrektə etməlidir. Digər halda, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada ABŞ siyasəti olmayacaq.
Hazırda ABŞ indiyə qədər inkişaf etməkdə olan ölkələrdə yürütdüyü siyasəti Azərbaycanda tətbiq etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində ABŞ-ın iştirakı və rolu danılmazdır. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bütün dünyaya bəllidir ki, Liviya, Suriya, İraq, bu gün isə Qəzzada baş verənlərin ssenari müəllifi Vaşinqtondur. ABŞ Gürcüstan və Ukraynanı özünə çəkərək Rusiya ilə qarşıdurmaya təhrik etdi. Hazırda Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz Amerikadır. Fakt isə ondan ibarətdir ki, ABŞ Ukraynanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.
Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dır. Yeri gəlmişkən xatırladaq ki, 2000-ci illərin əvvəllərindən ABŞ tərəfindən başlanan rəngli inqilablar ssenarisinin Azərbaycanda da gerçəkləşdirmək cəhdi fiaskoya uğradı. ATƏT MQ həmsədrlərindən biri kimi ABŞ ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyır. Çünki, ABŞ bir dəfə də olsun işğalçı Ermənistanı adı ilə çağırmadı, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində heç bir addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı "907-ci düzəliş"i qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq. Hazırda isə Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Ölkəmizdə dayanıqlı iqtisadiyyat hökm sürür və daxili gəlirlərimiz hesabına işğaldan azad olunmuş ərazilərimizi yenidən dirçəldirik. Belə halda Konqresin ABŞ-ın öz günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olması daha faydalı olardı.
Alim