Rusiyanın neytral qalması Ermənistana sərf etmir
17 Noyabr 2023 12:08 SiyasətRegional proseslərin dünya düzəni formalaşması dövründə beynəlxalq geosiyasətə təsir etdiyi dövrü yaşayırıq. Dünya artıq elə bir dövrə daxil olur ki, gərginlik yaradan ocaqların söndürülməsi mütləq olur. Proseslər bu istiqamətdə gedir və hadisələri analiz etmək üçün də bu prizmadan yanaşmaq doğru proqnozlar verməyə səbəb olur.
Qlobal və regional aspektlərdə cərəyan edən proseslərə diqqət çəkən politoloq Azər Qasımov deyib ki, Azərbaycan artıq yenidən dünya düzəninin dizayn edilməsindəki sözünü deyib. Onun sözlərinə görə, Azərbaycan öz ərazisindəki gərginlik ocağını söndürüb:
"Müxtəlif güc mərkəzlərinin bu ocaq üzərindən oyunlar qurması cəhdlərini boşa çıxarıb və onların planlarını pozub. Bu, Azərbaycanın dünya təhlükəsizlik konsepsiyasına verdiyi əsas töhfələrdən biridir. Həmçinin Ermənistanı da "Qarabağ kartı" üzərindən bu oynlarda alət olmaqdan qurtarıb. Artıq erməni toplumu getmək istədikləri yolda sərbəst hərəkət edə bilirlər. Rusiyanın, yoxsa Qərbin yanında olmaq onların öz istəklərindən asılıdır, amma bu barədə danışmaq hesab edirəm ki, hələ tezdir və gediləcək yolun başlanğıcıdır, əsas hadisələr qabaqdadır. Ermənistanın bu hadisələrdə acı təcrübəsinin nəticələrini nəzərə alacağı, yoxsa eyni səhvləri başqa şəkildə edəcəyi onlar üçün həlledici olacaq. Çünki artıq geriyə, səhv etməyə yer yoxdur. Planlarında cüzi səhv hesablama Ermənistana və onun toplumuna baha başa gələcək. Azərbaycanla 30 ildən çox apardığı qarşıdurma Ermənistana insan itkisindən və acı təcrübə qazandırmaqdan başqa elə də böyük ziyan vurmadı, amma indiki proseslər bilavasitə onun ərazisində gedəcək və nəticəsi də birbaşa Ermənistana təsir edəcək. Odur ki, Ermənistanın səhv etmək şansı yoxdur. Səhv etmək Ermənistanın dövlət kimi sonu olacaq".
Politoloq deyib ki, Ermənistanın yenidən silahlanması onun öz işidir:
"Məsələ ondadır ki, Azərbaycan da başqa ölkələrdən müxtəlif silah-sursat alır. Silahlanma Azərbaycanın nə qədər haqqı və hüqüqudursa, bu, Ermənistanın da bir o qədər hüququdur. Çünki proseslər bu müstəvidə gedib. Hər dəfə qeyd etmişik ki, Ermənistan qeyri-adekvat ölkədir, onun işğalçı keçmişi var və yenidən silahlanmasının qarşısını almaq lazımdır. Bunun üçün sülh müqaviləsi müzakirələrinə əlavə bənd daxil edilməlidir. Ermənistana silahlanmaya qadağa qoyulmalıdır. Əks təqdirdə Azərbaycan Ermənistanın silahlandığını hesab etdiyi durumda bunun qarşısını almaq hüququnu özündə saxlamalıdır. Görünən odur ki, belə bir tələb nə Ermənistanın, nə də prosesə araçılıq edən ölkələrin qarşısında qoyulmayıb, odur ki, biz ancaq qarşılıqlı silahlanma məsələlərinə qiymət verə bilərik".
Azər Qasımov onu da deyib ki, Qərbin Azərbaycana təzyiqlərinin kökündə də Ermənistanı bu oyundan az itki ilə çıxarmaq cəhdləri dayanır:
"Yoxsa, Qərb də güclər fərqini yaxşı başa düşür. Qərbin Azərbaycanı təzyiq etməklə hansısa seçim qarşısında qoymaq istəyi yoxdur. Qərb də çalışır ki, qeyri-müəyyən durum öz həllini tapsın. İki ölkə arasında məqbul şərtlərlə sülh sazişi imzalansın.
Politoloq onu da deyib ki, indiki durumda Rusiyanın neytral qalması Ermənistana sərf etmir:
"Prosesdə maraq doğuran bir məsələ isə Gürcüstanın Ermənistana silah daşınmasında etdiyi hərəkət oldu. Gürcüstan 44 günlük müharibə dövründə buna icazə vermədiyi halda son günlər buna imkan verdi və Ermənistana Fransadan gətirilməli olan zirehli maşınlar Gürcüstan ərazisindən daşındı. Bu, Azərbaycan ictimaiyyətində həm məyusluq, həm də qəzəb yaratdı. Gürcüstan niyə belə etdi? Hesab edirəm ki, məsələnin kökündə Gürcüstanın dilə gətirmədiyi, amma ara-sıra eşidilən Zəngəzur dəhlizinin açılmasında maraqlı olmaması fikridir. 3+3 formatında da iştirakından boyun qaçıran Gürcüstanın əsas dərdi Zəngəzur dəhlizinin açılması durumunda Gürcüstandan keçən nəqliyyat dəhlizinin, çəkilmiş infrastrukturun ikinci plana keçəcəyi qorxusudur. Gürcüstan 3+3 formatına guya Rusiyanın onun ərazilərini işğal etməsi səbəbindən qatılmaq istəmədiyini desə də, əslində Gürcüstanın rusyönlü hakimiyyətinin Rusiyanı bəhanə etməsi absurd görünür. Gürcüstan, bir sözlə, Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil və Ermənistana silah tədarükünə də ona görə şərait yaradır ki, ərazidə gərginlik qalsın və tərəflər sülhə gələ bilməsinlər. Bu durumda da Zəngəzur dəhlizi açılmasın bə gündəmdən qalxsın. Təbii ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinə alternativ İran ərazisindən keçən yol üzərində də işləyirlər. Amma Gürcüstan hamı kimi yaxşı başa düşür ki, bu, aldadıcı manevrdir. Qərbin Azərbaycanın Zəngəzurda müharibəyə hazırlaşdığı barədə bəyanatları, eyni zamanda, Fransanın, İranın, Rusiyanın Zəngəzurda konsulluq, nümayəndəlik açmaq cəhdlərinin arxasında reallığın nədən ibarət olduğunu başa düşdükləri fikri yatır. Azərbaycan gec-tez Zəngəzur dəhlizini açacaq. Təbii ki, silah gücündən istifadə ilə yox, sülh yolu ilə. Bu, Azərbaycan Prezidentinin dilindən də dəfələrlə səslənib. Azərbaycan bu günə kimi Ermənistana münasibətdə beynəlxalq hüququ və qanunları pozan heç bir hərəkətə yol verməyib. Atdığı addımları dəqiq hesablayıb. Ermənistan bunun üçün öz üzərinə maneəsiz keçid şərti ilə "10 noyabr" bəyannaməsi ilə öhdəlik götürüb. Bunun təmin edilməməsi Azərbaycan üçün bəyannamənin şərtindən boyun qaçırmaq hesab olunur və yeni durum yaradır. Azərbaycan 44 günlük müharibəni həm də ona görə yarımçıq saxlamışdı ki, Ermənistan bəyannamənin 9-cu bəndinə əsasən dəhliz məsələsinə imza atmışdı".
Azər Qasımov deyib ki, Ermənistan bəyannamənin 4-cü bəndinin də yerinə yetirilməsindən yayınırdı: Yəni qanunsuz silahlı birləşmələrini ərazidən çıxarmaq öhdəliyini də öz boynuna götürmüşdü. Amma buna əməl etmədi və Azərbaycan məcbur olub öz ərazisində antiterror tədbirləri adı ilə bu silahlı birləşmələri ərazidən çıxardı. İndiki durum da bundan fərqli deyil. Görünən odur ki, müəyyən dairələrin Azərbaycanın hərb yolu ilə Zəngəzur dəhlizini açacağı fikri də bu məntiqə əsaslanır. Məsələ ondadır ki, onlar bundan elə danışırlar ki, hiss edilir ki, onların fikirləri məqbul variantdır və bu, mümkün olan işdir. Biz isə çox vaxt bunu doğru hesab etmirik ki, həmin ərazi, yəni Zəngəzur ərazisi Ermənistan ərazisi hesab olunduğu üçün ora hərbi müdaxilə işğal hesab olunar və beynəlxalq ictimaiyyət bu addımı işğal faktı kimi qəbul edər. Amma görünən odur ki, bizdən fərqli olaraq beynəlxalq güclər, o cümlədən, ABŞ, Fransa, Aİ, İran rəsmiləri belə bunu ola biləcək fakt kimi qəbul edirlər və bu yöndə xəbərdarlıqlar edirlər. Hesab edirəm ki, bizdən fərqli olaraq həmin qüvvələrin bu şəkildə bizə görə, mümkün olmayanı mümkün hesab etmək faktını biz bir daha götür-qoy etməliyik".
Politoloq deyib ki, bu məsələnin hüquqi aspektlərini, doğura biləcəyi şəraiti dəqiq hesablamalıyıq:
"Fikrimcə, onların məntiqi doğrudur. Biz qanunsuz heç nə etmərik, əksinə Ermənistana öz imzasına əməl etməyi bir daha başa salaraq, hansıki bunu ilk dəfə etmirik. Bir məsələ isə Qərbin və xüsusən də, Fransanın regiona olan marağı, Azərbaycana edilən təzyiqlərdir. Hesab edirəm ki, bunda ciddi bir şey yoxdur. Həmin ölkələrin məqsədi Azərbaycanı əvvəla Zəngəzur dəhlizi məsələsində təzyiq altında saxlamaqdır, eyni zamanda bunun olmadığı durumda isə gələcəyə yönəlik planlarda ehtiyac halında Azərbaycanın qarşısını almaqdır. Məsələn, Türkiyəyə edilən qondarma "erməni soyqırımı" iddiaları kimi.
Azərbaycan təbii ki, bu təzyiqlərdən nə çəkinir, nə də bunları real sayır. Çünki bu iddiaların əvvəla heç bir əsası yoxdur, eyni zamanda, məgər, Azərbaycan indiyə kimi əldə etdiyi uğurlarda bu qüvvələrin təzyiqləri ilə üzləşməyib? Azərbaycan nə əldə edibsə, kənar təzyiqlər fonunda edib. Odur ki, Azərbaycan öz yolu və öz strategiyası ilə uğurla irəliləyir. Ermənistanın hərbi-siyasi çıxılmaz durumundan istifadə etməyə çalışan qüvvələr isə bundan öz maraqlarına uyğun istifadə etmək planları cızırlar. Bu planlar Rusiyanın zəiflədilməsinə yönəlik planlardır və Ermənistan üçün yaxşı gələcək vəd etmir. Ermənistan qarşı güclərin poliqonuna çevrilmə təhlükəsi ilə üz-üzədir. Ukraynanın taleyi onların gözləri önündə olmalıdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bütün riskləri hesablayıb və kor-koranə Qərbin arxasınca getmək fikrinə düşməyib. Qərb dəyərlərinə sahib olmaq Qərbin arxasınca getmək anlamına gəlmir. Bu, iki fərqli anlayışlardlr. Birincidə inkişaf, insan dəyərlərinə hörmət, dövlətin demokratik yolla formalaşması varsa, ikincidə qan, dağıntı, dövlət kimi iflasa uğramaq vardır. Qərbin arxasınca getmək üçün Qərbə coğrafiyaca yaxın olmaq lazımdır. "Coğrafiyanı Qərbə aparmaq" Qərbi coğrafiyaya gətirmək qədər təhlükəlidir. Ən yaxşısı hər kəsin öz coğrafiyasında qalmasıdır. Başqa coğrafiyaya getmək istəyənləri və ya əksinə, torpaqla yox, istədiyi yerə əli boş yola salırlar".
Süleyman