Avropa Parlamenti terrorçu dövlətlə həmrəylik nümayiş etdirir - ÖZƏL
19 Oktyabr 2023 11:58 Siyasət"Dünyada "demokratiya və insan haqları çarçısı" kimi özünü təqdim etməyə çalışan Avropa Parlamenti yenə də qucağını işğalçı dövlətin rəhbərinə açdı. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın Baş Naziri Nikol Paşinyan Avropa parlamentarilərinə "demokratiya dərsi" verdi". Bunu "Olaylar"a deyən hüquqşünas Alim Hüseynli qeyd edib ki, Paşinyan çıxışı boyu Ermənistanın illərlə yürütdüyü işğalçı siyasətə demokratiya donu geyindirməklə ölkəsinə haqq qazandırmağa çalışdı: "Əslində istədiyi bəraət dəstəyini aldı da. Avropa Paralamenti deputatlarının Paşinyanın çıxışını ayaq üstə alqışlamaları bi fikri yürütməyə əsas verir. İndi aydın olur ki, işğalçı, müstəmləkəci, irqçi siyasəti yürüdən dövlətlər demokratiya cildinə girərək öz əməllərini necə ört-basdır edirmişlər. Belə məlum olur ki, istənilən dövlətin ərazisini işğal edib atdığın addımı demokratiyanın təzahürü kimi təqdim etməklə korrupsiyalaşmış Avropa Parlamenti kimi qurumlarda bəraət əldə etmək mümkündür. Necə olur ki, Avropa Parlamenti Azərbaycan-Ermənistan münaqişəsilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, eləcə də onlarla beynəlxalq təşkilatın çıxardığı qətnamə və qərarlara deyil, işğalçı dövlətin demokratiya nağılına əsasən qərar qəbul edir? Axı beynəlxalq qurumların dövlətlərarası münasibətlərlə bağlı qəbul etdikləri sənədlər president rolunu oynayır. Deməli, münaqişələrin nizamlanması prosesində Avropa Parlamenti üçün ədalətli qərarın qəbulu deyil, maraqlar demokratiyası əsas şərt kimi götürülür. Görüntü ondan ibarətdir ki, "beynəlxalq hüquq normaları bütün dövlətlər üçün bərabərdir" prinsipi bu qurumun fəaliyyət dairəsinə ziddir. Başqa sözlə, Avropa Parlamenti işğalçı, terrorçu dövlətlə həmrəylik nümayiş etdirir. Paşinyan çıxışında deyir ki, Avropa Parlamenti Ermənistan dövlətinə və erməni xalqına daim dəstək olub. Bu, Ermənistanın "demokratik" dövlət olmasından irəli gəlir. Maraqlıdır, Avropa Parlamenti niyə sülh və ədaləti dəstəkləmir, Ermənistan dövlətini dəstəkləyir? Əslində Avropa Parlamenti Erməistan dövlətinin başına sığal çəkməklə onu fəlakətə sürükləyir. Paşinyan hələ də başa düşmək istəmir ki, Avropa Parlamentinin "demokratiya" dəstəyi Cənubi Qafqazda, xüsusən Zəngəzur dəhlizində paya sahib olmağa hesablanıb. Erməistan Gürcüstan və Ukrayna dövlətlərinin başına gətirilən Avropa "demokratiyası" oyunundan dərs götürməlidir. Əks halda onların aqibətini yaşamağa məhkumdur".