Ulu Öndər Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu - ÖZƏL
18 Oktyabr 2023 11:04 Siyasət"1993-cü ilin iyun ayında xalqın təkidi tələbi ilə hakimiyyətə böyük qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin siyasi faəliyyətinin fəlsəfəsini milli birlik, vətandaş həmrəyliyi prinsipi təşkil edirdi. Dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun sözlərinə görə, həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa nail oldu: "Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Ulu Öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyinə xüsusi əhəmiyyət verərək qeyd edib: "Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır".