Azərbaycanın inkişafı və gələcək taleyi Ulu öndəri çox narahat edirdi - ÖZƏL

"Müasirlərimiz sonrakı tarixi prosesləri yaxşı xatırlayırlar. Heydər Əliyev SSRİ rəhbərliyində ali vəzifələrdə çalışdığı dövrdə bu məsələləri heç də kənara qoymamışdı, Azərbaycanın inkişafı və gələcək taleyi onu hər şeydən çox narahat edirdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib: "Bədnam qonşumuzun ərazi iddialarına qarşı keçilməz sədd olan Heydər Əliyev 1987-ci ildə Mixail Qorbaçovun erməni ətrafının səyləri nəticəsində bütün dövlət vəzifələrindən kənarlaşdırıldı və təcrid vəziyyətinə salındı. Prezident İlham Əliyev çıxışında həmin hadisələrlə bağlı vacib siyasi məqamlara toxunmuşdur: "İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb". 

Lakin ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyətə nəzarəti təmin edə bilmədi və Kremlin təlimatlarına uyğun davranaraq qorxaqlıq, acizlik və qətiyyətsizlik nümayiş etdirdi və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Belə bir ağır vəziyyətdə respublikada rəhbər vəzifədə oturanlar və xalq hərəkatının dalğası üzərində önə çıxan destruktiv ünsürlər  ölkəni xilas etmək və işğalın qarşısını almaq  üçün vahid siyasi mövqe ətrafında birləşmək əvəzinə vaxtilə Ulu Öndərin yaratdığı fundamental nailiyyətləri dağıtmaqla məşğul idilər. Bu azmış kimi onlar Qarabağ kartından istifadə etməklə hakimiyyət uğrunda mübarizəyə qoşulmuş və xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevə qarşı çirkin gözdənsalma kampaniyasına başlamışdılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31