Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, bütün üzv ölkələrlə normal əməkdaşlıq həyata keçirir - ÖZƏL
16 Oktyabr 2023 10:02 SiyasətBu günlərdə MDB dövlət başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə növbəti zirvə görüşü keçirildi. Ermənistanı çıxmaq şərtilə quruma üzv ölkələrin liderlərinin görüşü çox səmərəli və məhsuldar keçdi. Ermənistan rəhbərliyinin zirvə görüşünə qatılmamasını Rusiya amili ilə əlaqələndirsələr də, əslində burada Azərbaycan amili də xüsusi rol oynayır. Belə ki, rəsmi Bakı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanı hərbi sahədə olduğu kimi diplomatik cəbhədə də ciddi uğursuzluqlarla üzləşdirib və Ermənistan rəhbərliyi artıq Azərbaycan liderinin iştirak etdiyi zirvə görüşləri, sammitlərdə İlham Əliyevlə qarşı-qarşıya gəlmək istəmir. Çünki İkinci Qarabağ müharibəsindən əvvəl keçirilən Münxen Təhlükəsizlik Konfransından bu yana baş tutan bütün beynəlxalq platformalarda Azərbaycan lideri öz diplomatik gedişləri, siyasi təcrübəsi ilə erməni baş nazirə çətin anlar yaşadıb. Ona görə də Ermənistan rəhbərliyi Azərbaycan liderinin iştirak etdiyi bütün beynəlxalq platformalarda iştirakdan müxtəlif bəhanələrlə yayınır. "OLAYLAR"-ın xəbərinə görə, elə politoloq Yusif Bağırzadə də bu qənaətdədir. Politloqun sözlərinə görə, keçən dövr göstərir ki, ölkəmizin MDB-yə daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olub. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməyib:
"Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq aramızda mövcud olmuş münaqişə səbəbilə veto qoya bilib. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verib".
Yusif Bağırzadə deyib ki, Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir və bütün fəaliyyətində yalnız və yalnız öz milli maraqlarını rəhbər tutur.