Şuşa mədəniyyət paytaxtından diplomatiya platformasına çevrilir - ÖZƏL
11 Oktyabr 2023 14:36 Siyasət"Mədəniyyət paytaxtımız kimi tanınan Şuşa şəhəri artıq iqtisadi və siyasi məsələlərin müzakirə olunduğu diplomatiya platformasına çevrilir. Bu həm Şuşanın, həm də ümumilikdə Qarabağın beynəlxalq aləmdə, dünya miqyasında tanıdılması baxımından əhəmiyyətlidir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı ötən gün Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasının keçirilməsini şərh edərkən səsləndirib. İctimai birlik sədri qeyd edib ki, bu kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin Şuşada keçirilməsi olduqca əhəmiyyətlidir:
"Bu həm də işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər, "Böyük Qayıdış" proqramının, bu proqram çərçivəsində Qarabağda görülən işlərin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. İşğal dövründə xarabalığa çevrilən, tamamilə dağıdılan şəhər və rayonlarımızın 3 ilə yaxın bir müddət abadlaşdırılması, orada həyatın, yaşamın bərpa olunmasını öz gözləri ilə görən beynəlxalq təşkilatların nümayəndələrində həm də Azərbaycanın necə qurucu, yaradıcı bir ölkə olduğu fikri formalaşır".
Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktuba da diqqət çəkərək bildirib ki, dövlət başçısı sözügedən məktubu həm də Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından əhəmiyyətli idi:
"Cənab prezident Azərbaycanın mövqeyi, qarşısına qoyduğu məqsəd və vəzifələr, Qarabağda həyata keçirilən layihələr barədə tədbir iştitakçılarını əhatəli şəkildə məlumatlandırıb, regionda mümkün yeni əməkdaşlıq imkanları barədə iştirakçıları bilgiləndirib. Prezidentin təbirincə desək, dekarbonlaşma, "yaşıl enerji" növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir".