İctimai sahədə qadın nə qədər fəal iştirak etsə, cəmiyyətin inkişafı da sürətlənər - Komitə sədri - ÖZƏL
11 Oktyabr 2023 10:12 Siyasət"11 oktyabr "Beynəlxalq Qızlar Günü"dür. BMT-nin Baş Assambleyasının qərarı ilə belə bir tarixin keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Bildirib ki, qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə peşəkar mütəxəssis olmaq üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər:
"Dünya qadın hərəkatının tarixi təcrübəsi sübut edir ki, ictimai sahədə qadın nə qədər fəal iştirak etsə, cəmiyyətin inkişafı da sürətlənər. Vaxtı ilə BMT-nin baş katibi Pangi Mun qadınların fəaliyyətinə xüsusi önəm verərək bildirmişdir ki, "gender bərabərliyinin yüksək səviyyədə olduğu ölkələrdə iqtisadi artım sürətlə baş verir. Qadınların çoxluqla təmsil olunduğu parlamentlərdə müzakirə edilən məsələlərin mövzu dairəsi daha geniş olur, buraya sağlamlıq, təhsil, ayrı-seçkiliyin ləğvi və uşaqlara dəstək daxildir. Ona görə də dünyada qızların, ümumiyyətlə, hər kəsin rifah və sülh şəraitində yaşamasını istəyiriksə, ədalətlilik, humanizm, xeyirxahlıq və inklüzivlik prinsiplərinə əməl etməliyik.
Fəxrlə deyə bilərik ki, Azərbaycanda hər zaman qadınlara xüsusi münasibət olub və biz bunu daim hiss edirik. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi kimi bütün sahələrdə qadınların fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə yeni uğurlu addımlar atılmaqdadır.
Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Hər birimiz Mehriban xanımın həm bir qadın, ana, bacı kimi dəstəyini görür, həm də ictimai-siyasi xadim kimi fəaliyyətini müşahidə edirik. O, Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Əlbəttə, bu, bizim üçün fəxrdir. Beynəlxalq Qızlar Günü münasibəti ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatını zənginləşdirən qızlarımızı təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayıram".