İsrailin Azərbaycandan terrorizmlə mübarizədə nə qədər möhkəm olmağı öyrənməyinin vaxtı çatıb - Aleks Kaplun

Artıq İsrailin də Azərbaycandan terrorizmlə mübarizədə nə qədər möhkəm olmağı öyrənməyinin vaxtı çatıb.

Olaylar.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan-İsrail Ticarət Palatasının prezidenti və sədri Aleks Kaplun deyib.

"İsrail ağır günlər yaşayır. Bəlkə də, bu, ölkə tarixində ən ağır günlərdir. Gözlərimizin önündə əsl bəşəriyyət faciəsi yaşanır. Acımızı sözlərlə ifadə etmək çətindir. Belə anlarda əsl dostların dəstəyini hiss etmək çox vacibdir! Son iki sutka ərzində Azərbaycandan onlarla məktub, bildiriş, zənglər daxil olub. Bakıda insanlar İsrail səfirliyinin qarşısına güllər gətirir, həlak olmuş İsrail vətəndaşlarının xatirəsinə şamlar yandırırlar.

Davamlı olaraq dəstək sözləri gəlir və həqiqətən də, qəlblərimizi isidir. Şəxsən mənim özümə həm Azərbaycanın aparıcı şirkət və təşkilatlarının rəhbərləri, həm də ən yüksək səviyyədəki siyasi və dövlət rəsmiləri tərəfindən telefon zəngləri gəlməyə davam edir. Sözlərinizin bizim üçün necə böyük önəm daşıdığını ifadə etmək mümkün deyil. Azərbaycan xalqına bizim üçün narahat olduğunuza, bizim haqqımızda düşündüyünüzə, bizi ruhlandırmağa çalışdığınıza və hər cür köməklik təklif etdiyinizə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bunlar heç vaxt unudulmur və çox qiymətlidir. Biz güclü olmağa öyrəşmişik", - o deyib.

A.Kaplun bütün dünyanın İsrailin simasında güclü ölkə və yüksək texnologiyaya malik, əla səviyyədə hazırlanmış ordu görməyə adət etdiyini bildirib.

"Bu həqiqətdir. İsrail kiçik ölkədir və burada istər kişi, istərsə də qadın olsun, hər kəs lap uşaqlıqdan başa düşür ki, bizim özümüzdən başqa heç kim bizim təhlükəsizliyimizi və müstəqilliyimizi qorumayacaq. Bizim yaxşı ordumuz var və düşmənlə mübarizəyə yaxşı hazırlaşıb. Lakin düşmənlərimiz dürüst mübarizəyə hazır deyil. Onların cəsarəti ancaq dinc sakinlərə, beşiklərində yatan körpələrə, qadınlara, uşaqlara və yaşlılara hücum etməyə çatdı. Düşmənlərimiz bayram səhəri insanların evlərinə soxularaq sayılı saatlar ərzində yüzlərlə ailəni məhv etdilər. Holokost vaxtından bəri hələ bu qədər yəhudi cəmi bir sutka ərzində vəhşicəsinə öldürülməmişdi", - o deyib.

A.Kaplunun sözlərinə görə, İsrail bütün bu illər ərzində olduqca mürəkkəb geosiyasəti olan kiçik bir ölkənin istər kiçik, istərsə də böyük qonşularının heç vaxt "problem yaşamağa" risk etməyəcəyi qədər güclü ola biləcəyinə dair nümunə olub.

"Azərbaycan buna nail oldu və bütün dünyaya, xüsusən də qonşularına son üç il ərzində bunu çox aydın şəkildə "izah etdi". İnanıram ki, bizim də azərbaycanlı dostlarımızdan öz torpaqları və vətəndaşları uğrunda terrorizm qarşısında necə möhkəm və sarsılmaz olmağı öyrənməyimizin vaxtı gəlib çatıb. Bu dəfə İsrail HƏMAS terroru məsələsini, ola bilsin ki, digər terrorçu təşkilatların terrorunu qarşıdakı uzun illər ərzində, mümkünsə, həmişəlik bağlamalıdır. Terrorizmlə mübarizə aparmaq lazım deyil, onu məhv etmək lazımdır.

Yoluxucu xəstəlik kimi yer üzündən silmək lazımdır. Terrorizm sözdən anlamır, sərhəd tanımır, terrorçular üçün mənəviyyat anlayışı yoxdur - Qəzzadan olan silahlı başkəsən üçün beş yaşlı oğlanı güllələmək və ya üç yaşlı uşaqlarının gözü qarşısında analarının başını kəsmək heç nədir. Heç şübhəm yoxdur ki, bu böyük, hədsiz acımıza baxmayaraq, biz qalib gələcəyik. Biz, həqiqətən, güclü və həmrəy xalqıq və başa düşürük ki, seçimimiz yoxdur. Qələbə bizimlə olacaq, hərçənd bu yol çətin olacaq", - deyə o əlavə edib.

A.Kaplunun sözlərinə görə, Azərbaycandakıların İsraildə baş verənlər barədə doğru məlumat əldə etməsi çox mühümdür.

"Bu səbəbdən biz Palatanın səhifəsində artıq hərbi əməliyyatlar barədə ən son və yoxlanılmış məlumatları daima dərc edirik. Bir daha, bütün qəlbimlə sizə təşəkkür etmək istəyirəm və bu müharibənin tez bitəcəyinə və İsrailin HƏMAS terror təşkilatı ilə son müharibəsi olacağına ümid edirəm, çünki müharibə bitdikdə HƏMAS sadəcə mövcud olmayacaq. İsrail xalqına qalib gəlməyin mümkün olduğunu düşünən digər hər kəs isə həmişəlik onlara verilən bu dərsi xatırlayacaq", - deyə o sonda deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31