Nəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazda maraqların kəsişmə nöqtəsi ola bilər - AQEM-in baş katibi
10 Oktyabr 2023 16:09 SiyasətNəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazda maraqların birləşmə nöqtəsi ola bilər.
Olaylar.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay jurnalistlərin suallarını cavablandırarkən deyib.
AQEM-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində mümkün iştirakından danışan K.Sarıbay Ermənistanın təşkilatdan kənarda olduğunu və bu səbəbdən AQEM-in bu prosesdə hər hansı vasitəçilik rolu oynaya bilmədiyini qeyd edib.
"Bununla belə, başa düşürük ki, söhbət çoxtərəfli diplomatiyadan gedirsə, xarici tərəfdaşların hansı töhfəni verə biləcəklərini bilməliyik. Fikrimcə, təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı bütün regionun maraqlarının kəsişmə nöqtəsi ola bilər", - deyə o vurğulayıb.
Qeyd edək ki, AQEM Asiya qitəsi dövlətlərini birləşdirən və regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Asiya və Avrasiya dövlətləri arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi vəzifəsini qarşısına qoyan beynəlxalq forumdur.
AQEM-in ilk sammiti 2002-ci ildə keçirilib.
2022-ci ilin oktyabrında keçirilən sammitdə AQEM-in regional təşkilata transformasiyasının başladığı bəyan edilib.