Prezident: Ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir
10 Oktyabr 2023 15:44 SiyasətXalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan "boz" zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.
Olaylar AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Azərbaycanın daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: "Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır".