Gürcüstan-Azərbaycan münasibətləri etibarlı təməl üzərində formalaşıb
10 Oktyabr 2023 14:58 Siyasət"Azərbaycan və Gürcüstan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, Ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür: "1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub. Ümumiyyətlə, Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir. Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır".