Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir - ÖZƏL
10 Oktyabr 2023 11:35 Siyasət"Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Şəhla İmanzadə dövlət başçısının Gürcüstana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.
"1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir".
O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub:
"2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb və bu əməkdaşlıq bu gün də davam etməkdədir".