Prezidentin Gürcüstana səfəri Bakı ilə Tiflis arasında yeni əməkdaşlıq imkanlarına yol açacaq - ÖZƏL

"Azərbaycanla Gürcüstanı təkcə yaxın qonşuluq əlaqələri deyil, eyni zamanda dərin tarixi köklər, siyasi və iqtisadi sahədə əməkdaşlıq, bir sıra mədəni xüsusiyyətlər bağlayır. İki qonşu ölkə tarixin bütün dövrlərində sınaqlardan uğurla keçərək Cənubi Qafqazda normal və nümunəvi qonşuluq münasibətləri yaradıblar. Günümüzdə bu münasibətlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Gürcüstan rəhbərliyinin timsalında uğurla davam etdirilir". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf"  ictimai birliyinin sədri Arzuman Muradlı Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edərkən səsləndirib:

"Hər nə qədər səfər işgüzar xarakter daşısa da, lakin Azərbaycan liderinə olan münasibət, Ona göstərilən yüksək qonaqpərvərlik, eləcə də keçirilən görüşlərin əhəmiyyəti və müzakirə edilən məsələlərin çoxşaxəlilyi dövlət başçısının səfərini rəsmi səfər qədər əlamətdar edirdi".

Arzuman Muradlı deyib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq və çoxşaxəli əməkdaşlıq imkanları Gürcüstan üçün də əhəmiyyətli sayıla bilər və bu baxımdan Tiflisin Bakı ilə əlaqələrini daha da inkişaf etdirmək cəhdləri başadüşüləndir:

"Hər iki ölkənin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars kimi dəmir yolu layihələrində birgə iştirakı imkan verir ki, Cənubi Qafqazda yaranmış yeni reallıq və əməkdaşlıq formatlarında Tbilisi Bakı ilə bərabər iştirak etsin".

İctimai birlik sədri hesab edir ki, Azərbaycan Prezidentinin Gürcüstana səfəri Bakı ilə Tiflis arasında yeni əməkdaşlıq imkanlarına yol açacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31