Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Gürcüstanda imzalanacaq? - ÖZƏL
9 Oktyabr 2023 13:44 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri ərəfəsində belə bir fikir gündəmə gəldi ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi məhz Tiflisdə imzalana bilər. Elə dövlət başçısının Gürcüstanda keçirdiyi təmaslar zamanı da sözügedən məsələ ətrafında müəyyən fikirlər səsləndi. Bəs, görəsən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması nə dərəcədə realdır?
"OLAYLAR"-ın xəbərinə görə, politoloq Azər Qasımov sözügedən məsələ barədə danışarkən deyib ki, son mərhələ olaraq Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması və sülh məsələsinin bağlanması üçün Tiflisin məkan seçilməsi simvolik və rəmzi məna daşıya bilər:
"Eyni zamanda, regiondan kənar qüvvələrə də mesaj ola bilər ki, region dövlətləri öz problemlərini öz aralarında həll edirlər və bunda başqa kimsənin roluna ehtiyac yoxdur".
Politoloq hesab edir ki, bu, məntiqli variantdır:
"Ermənistanın isə öz havadarlarından qopub bu təklifə razı olacağı şübhə altına olsa da, İrəvan gec-tez buna gedəcək. Əslində Azərbaycan üçün bu müqavilənin harda bağlanmasının ciddi əsası yoxdur. Amma hesab edirəm ki, beynəlxalq aktorların qarantor kimi bu sülh müqaviləsində imzasının olması mütləqdir, əgər səmimi olsalar".