AP-nın Azərbaycana qarşı sanksiya çağırışı əhəmiyyətsizdir - ÖZƏL

"Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışı da əhəmiyyətsizdir. Çünki ölkəmiz Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir. Bu təşkilatın 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Bildirib ki, bu gün Avropanın özü ciddi problemlər məngənəsindədir: "Avropa Parlamenti Azərbaycanı müzakirəyə çıxarmaq əvəzinə, Avropanın üzləşdiyi problemlərə diqqət yetirsə yaxşı olar. Bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar  kimdənsə nəyisə tələb edə bilməz". Millət vəkili əlavə edib ki, əgər həqiqətən Avropa Parlamentini insan hüquqları narahat edirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına səssiz qaldılar, 1 milyon qaçqın, köçkünümüzün vəziyyətindən narahat olmadılar: "Bütün bunlar onu göstərir ki, onları beynəlxalq hüquq, insan haqları və ədalət maraqlandırmır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir mövqedə dayanır, belə qətnamələr qəbul edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31