Hadrutun işğaldan azad edilməsi Zəfərə gedən yolda strateji üstünlük qazandırdı - ÖZƏL
9 Oktyabr 2023 10:54 Siyasət"Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 3 il ötür. Hadrutun işğaldan azad edilməsi Azərbaycan Ordusuna Zəfərə gedən yolda strateji üstünlük qazandırdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, artıq üç ildir ki, xalqımız Şanlı Qələbə tarixini yaşayır: "Vətən müharibəsinin 44 günü Azərbaycan xalqı üçün əlamətdar oldu. Çünki rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən işğalından azad edirdi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Bəli artıq biz öz tarixi torpaqlarımızdayıq, onu ləyaqətlə qoruyur, əbədi yaşamaq üçün yenidən qururuq! Biz şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, milli qürurumuzu bərpa etdik. Bu gün Hadrut qəsəbəsində və işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda milli bayrağımız dalğalanır və əbədi dalğalanacaq. Vətən uğrunda canını fəda edən bütün cəsur,qəhrəman şəhidlərimizi dərin ehtiram hissi ilə yad edir, qazilərimizə Allahdan şəfa arzulayırıq!"