Qərbin Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşmasının daha bir təzahürü - ÖZƏL
6 Oktyabr 2023 10:49 Siyasət"Avropa Parlamentinin (AP) deputatları tərəfindən oktyabrın 5-də Avropa İttifaqını Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoyulmasına, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamənin qəbul edilməsi Qərbin Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşmasının daha bir təzahürüdür. Baxmayaraq ki, bu qətnamənin hüquqi qüvvəsi yoxdur və icrası məcburi deyil, bununla belə qətnamədə göstərilən xüsusatlar və irəli sürülən tələblər qəbulolunmazdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Avropa Parlamentinin erməni sevdalısı olan parlamentariləri Qarabağda baş verənləri və erməni sakinlərinin mərkəzi hakimiyyətin reinteqrasiya çağırışlarına məhəl qoymadan könüllü surətdə oranı tərk etməsini, onların hüquq və təhlükəsizliyinin qorunmasına təminat vermədən belə absurd nəticəyə gələrək qətnamə qəbul etməsi regionda sülhə və təhlükəsizliyə nail olmaq üçün göstərilən təşəbbüslərə ziyan vurur:
"Mən hesab etmirəm ki, qətnamadə Avropa İttifaqına edilə çağırış, yəni Azərbaycana qarşı sanksiyaların tətbiqi, əlaqələrə yenidən baxılması, enerji idxalının azaldılması və s. kimi hallar həyata keçiriləcək. İndiki məqamda bütün bunların baş verməsi mümkün deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində və kommunikasiyaların şaxələndirilməsində, eləcə də geopolitik üstünlük qazanmasında açar rolunu oynayır. Belə bir sanksiyaların tətbiqi Azərbaycanın Rusiyanın nəzarəti altına düşməsinə səbəb olar ki, bu da Qərb üçün arzuolunan deyil".