Separatçı rejimin rəhbərlərinin həbsi "heç bir cinayət cəzasız qalmayacaq" gerçəkliyini ortaya qoyur- RƏYLƏR
6 Oktyabr 2023 10:46 SiyasətAzərbaycan Qarabağda separatçılara, xunta rejiminə qarşı uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra prosesin ikinci mərhələsini həyata keçirir. Qarabağda qalan erməni sakinlərin reinteqrasiyası prosesini sürətləndirmək, onların sosial problemlərinin həllinə nail olmaq və s. Paralel olaraq uzun illər Qarabağ ermənilərini təsir altında saxlayan, öz separatçı hərəkətləri ilə təkcə Azərbaycan deyil, ümumilikdə regiona təhlükə yaradan xunta rejiminin təmsilçilərinin tapılıb istintaqa təhvil verilməsi. Məlumat üçün qeyd edək ki, bu günə qədər separatçıların, xunta rejiminin "rəhbərləri"nin bir çoxu Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək Bakıya gətirilib və istintaqa təhvil verilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan xalqına qarşı qanlı terrordan tutmuş bir çox ağır cinayətlər törətmiş həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ölkənin hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi işləmlər həyata keçirilsə də, lakin beynəlxalq aləmdə mövcud olan ikili standartlar həmin separatçı və terrorçuların hüquqi müstəvidə cəzalandırılmasını mümkünsüz edirdi.
Lakin Azərbaycan öz ərazu bütövlüyünü təmin edib Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təımin etdiyi kimi, separatçı və terrorçuları da özü tapıb müəyyən etmək, onları istintaqa cəlb etməklə eyni zamanda beynəlxalq ədalət məhkəməsinin işini həyata keçirmiş olur. Azərbaycan İsraildən sonra ikinci ölkədir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Azərbaycan özü cəzalandırmalı olur, çünki bu hərbi cinayətkarları cəzalandırmaq üçün beynəlxalq tribunal yaratmaq istəmirlər, əksinə indi də onların müdafiəsinə bəyanatlar səslənir. Bu, terrora açıq dəstəkdir.
Xunta rejiminin keçmiş "rəhbərləri", əlləri xalqımızın qanına batmış terrorçuların həbsinə diqqət çəkən politoloq Yusif Bağırzadə deyir ki, separatçı rejimin rəhbərlərinin həbsi "heç bir cinayət cəzasız qalmayacaq" gerçəkliyini ortaya qoyur". Onun sözlərinə görə, həbs olunan separatçıların hər birinin ayrı-ayrı cinayətlərdə əllərinin olduğu faktlarla sübut olunub:
"Saxlanılanların cinayətkar fəaliyyəti təkcə hər hansı rejimə rəhbərlik etmələri ilə bitmir. Bunların əli Azərbaycan əsgərinin, mülki Azərbaycan vətəndaşının qanına batıb".
Politoloq deyib ki, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər:
"Onlar işğal və 44 günlük Vətən müharibəsi dövründə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalinini təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun "rəhbərlər"i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar".
Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycan bu şəxslərin saxlanılması ilə xalqa və dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsini tarixin ixtiyarına vermədi və sübut etdi ki, kimliyindən asılı olmayaraq Azərbaycana qarşı cinayət törədənlər mütləq şəkildə öz cəzalarını alacaqlar:
"Onları törətdikləri cinayətlərə görə cəza almaqdan nə bu şəxslərin "dərhal azadlığa buraxılmasını və Ermənistana yollanmalarının təmin edilməsini"ni istəyən Ermənistan, nə də hər hansı bir başqa qüvvə qurtara bilməyəcək".
Siyasi ekspert Çingiz Şahbazi də qeyd edib ki, erməni qatillər bir-bir Bakıya gətirilir. Onun sözlərinə görə, Azərbaycan xalqı bu proseslərə xüsusi maraq göstərir və sözün əsl mənasında həzz alır:
"Çünki bu qatillərin əlləri minlərlə azərbaycanlının qanına batmışdır. Bu qatillərin içində, mənə görə Vitali Balasanyan xüsusi ilə seçilir. Bu qatı qatil azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlığı ilə ad çıxarmış birisidir. Onun əli qandallı Bakıya gətirilməsi , inanıram ki, Azərbaycanda toy və bayram ab-havası yaradacaq".
S.İsmayılbəyli