Qranada danışıqlarından imtina Fransanın regiondakı təfriqəçi fəaliyyətinə cavabdır- ŞƏRH

Azərbaycanın Qarabağ ərazisində erməni separatçılarının qurduğu qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Artıq keçmiş hərbi xunta rejiminin rəhbərinə ittiham da elan olunub. Burada bir məqam xüsusilə qeyd edilməlidir ki, Azərbaycan İsraildən sonra ikinci ölkədir ki xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Azərbaycan özü cəzalandırmalı olur, çünki bu hərbi cinayətkarları cəzalandırmaq üçün beynəlxalq tribunal yaratmaq istəmirlər, əksinə indi də onların müdafiəsinə bəyanatlar səslənir. Etiraf edilməlidir ki, belə bir mövqeni sərgilənməsi terrora aşıq dəstəkdir. Millət vəkili Sahib Alıyev qeyd edib ki, Ruben Vardanyanın ardından Qarabağdakı hərbi xuntanın başında durmuş bu trionun, "general" rütbəsi daşıyan daha bir neçə  "miuatsumçu"nun  tutularaq Bakıya gətirilmələri çox mühüm və qürurvericidir. Güc strukturlarımız qısa müddətdə görün orada hər şey necə nəzarətə götürüblər ki, böyük imkanları olmasına baxmayaraq bu ünsürlərdən heç biri Qarabağdan çıxa bilməyiblər: "Xankəndində, Ağdərədə, Xocavənddə arxivlərin necə yandırıldığından xəbərdarıq. Sənədlər yana bilər, ancaq əlyazmaların yanmadığı haqda bir deyim var axı. Sənədlər yansa da, bu xuntabaşılardan bizi maraqlandıran məsələlərlə bağlı  yertərincə bilgi əldə ediləcək. Beynəlxalq səviyyəli dələduz Vardanyana gəldikdə, o, təkcə milyardlar qazandığı ölkənin deyil, milyardlar yuduğu ölkələrin də siyasi istebleşmentində korrupsiyaya qurşanmışlarla çox sıx əməkdaşlıq edib və haqlarında həmən adamların sızmasını heç arzulamadıqları informasiyalar var. O informasiyalar bizim işimizə birisiniz nə qədər yarayacaq. Vardanyan tutulan kimi USAİD-in rəhbəri Samanta Pauer Bakıda boş yerə peyda olmamışdı ki. Mən "Arsax"ın  qondarma keçmiş "prezident"ləri Arkadi Qukasyan, Bako Saakyan və Araik Harutyunyanın tutulub Bakıya gətirilmələrindən sonra onlardan əvvəl həmən "vəzifə"ni yerinə yetirmiş əllləri azərbaycanlıların qanına batan Robert Köçəryanla Serj Sərkisyanın da etdikləri  cinayətə görə bir gün məhkəmə qarşısında cavab verəcəklərinə inanıram".

Millət vəkili bildirib ki, bu arada  Azərbaycan Prezidenti cənab İlham Əliyevin Makronun Avropa Birliyinin liderlərindən biri olaraq boy göstərməyi planlaşdırdığı  Qranada danışıqlarına getməməsi təkcə Fransanın bizim regiondakı təfriqəçi fəaliyyətinə cavab kimi qiymətləndirilməməlidir. Qarşıda həmən ölkəni daha təsirli demarşlar gözləyir: "Bu, Fransadan da çox Avropa Birliyinə edilmiş xəbərdarlıqdır ki, bizdə o quruma əvvəlki güvən yoxdur. Səbəbini isə Şarl Mişel özünün son açıqlamalarında və yandaşları Jozep Barrelin Fransanın xarici işlər naziri kimi davranışında, Toivo Klaarın terrorçulara qahmar çıxmasında  axtarmalıdır.Yeri gəlmişkən, Azərbaycanın dövlət başçısının  oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul etməsi yəqin ki, nə Şarl Mişelin, nə də həmən Qranada görüşünə qatılmağı planlaşdıran Almaniya ilə Fransanın rəhbərlərinin diqqətindən yayınıb. Və onlar Anqlikan Kilsəsinin dini rəhbərinin qəbulda nədən Azərbaycanla Vatikan arasında əlaqələrdən, oradakı katakombaların bərpası işinə ölkəmizin töhfəsindən ayrıca söz saldığını yəqin bilməmiş deyillər. Onu da deyim ki, regiondakı proseslərə qərbdəki bəlli çevrələrin əsl səlibçi yanaşması sərgilədikləri bir dönəmdə Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbinin Azərbaycana gəlməsini mən dövlətimizin maraqları baxımından çox önəmli addım sayıram".

Millət vəkili əlavə edib ki, bizdə bəzən sinonim kimi təqdim olunan iki ifadə var - üzü gəlməmək və cəsarət etməmək: "Ancaq, məsələn, Fransanın başında duran Makronun telefon diplomatiyasını göz önünə gətirdikdə görürük ki, bu ifadələr heç də sinonim deyil. O adam da Paşinyan kimi bərk ayaqda hər kəsə, dünən haqqında düşməncəsinə danışdığı və yaxud böhtan atdığına belə zəng edir. Yəni "üzü gəlməmək" hissi eləsinə yaddır. Telefon diplomatiyasına ehtiyac duyursa, ancaq bunu reallaşdırmırsa, demək ki, cəsarəti çatmır, yaxud da protokol xidmətinə zənginə cavab verilməyəcəyi bildirilir. Bunu ona görə deyirəm ki, Qranada görüşünün alınmayacağı bəlli olandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevə Makron yox, məhz Almaniya kansleri Olaf Şolts zəng vurdu. Yəqin ki,  telefon danışığı zamanı dövlət başçımızdan Paşinyanla danışıqları nədən rədd etdiyi soruşulub. Çox güman ki, ona Avropa Birliyinin keçirməyi planlaşdırdığı danışıqlara Azərbaycana qarşı yumşaq desək, qətiyyən dostcasına davranmayan, regionda gərginlik yaratmağa çalışan Makronun qatılması məqbul sayıldığı halda, 2020-ci ildən üzü bəri ancaq sülh gündəliyi ilə çıxış edən Türkiyə Prezidentinin də orada olmasına razılıq verilmədiyinə görə belə bir addımın atıldığı bildirilib. Əminəm ki, danışıqlarda cənab Ərgoğanın da yer almasının əleyhinə, indiki halda  heç də Ermənistan yox, elə həmən Almaniya ilə Fransa çıxıb.

Yeri gəlmişkən, kansler Şolts heç də bilməmiş deyil ki,  "5-li forpmat"ın təşkilində Fransanın məqsədi Minsk qrupunun həmsədri funksiyasını indi də belə pərdələnmiş şəkildə davam etdirmək, Avropa Birliyinin əslndə onun diqtəsi altında olduğunu sərgiləməkdir. Təbii ki, Azərbaycan buna imkan verə bilməzdi və vermədi də. Cənab İlham Əliyevin Şoltsa Şarl Mişelin moderatorluğu altında Brüssel sülh danışıqlarının davam etdirilməsində maraqlı olduğumuzu bildirməsinin diplomatik dildən tərcüməsi o deməkdır ki, danışıqlara böyük və kiçikliyinə baxmayaraq hər hansı üzv dövlətin, ilk növbədə də Fransanın liderinin qatılmasını istəmirik. Və biz  Avropa Birliyinin vasitəçiliyinə orada səlibçilik təfəkkürü ilə davrananların yer aldığına görə yox, Azərbaycanın o qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq haqda anlaşma imzaladığını nəzərə alıb razılıq vermişik".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31