Paris İrəvanı müharibəyə sürükləyir

Qarabağ münaqişəsinin başa çatması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi göründüyü kimi Avropa və Qərbdəki ermənipərəsət dairələri heç də razı salmayıb. Elə bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsi başlayandan və ərazi torpaqlarımız erməni işğalından azad ediləndən bu günə qədər Bakı Qərbdən və Avropadan təzyiqlərlə üzləşir. Bütün bunların başında dayanan isə Fransadır.

Regionda yaranmış yeni reallığı heç cür qəbullanmayan Paris yenidən Qarabağda savaş başlamasına yol açan addımlar atır, işğalçı Ermənistanı ciddi şəkildə silahlandırır. Bu günlərdə Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna da açıq şəkildə bildirdi ki, Parisin qarşısında duran prioritet məsələ Ermənistanın silahlandırılmasıdır.  

Məsələ ilə bağlı fikirlərini ifadə edən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, Fransa XİN rəhbəri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində verdiyi qərəzli bəyanatlar bizə əsas verir ki deyək, Fransa Ermənistan və Azərbaycan arasında münaqişənin alovlandırılmasında maraqlıdır. Çingiz Şahbazi bildirib ki, Ketrin Kolonnanın Ermənistan mətbuatına verdiyi açıqlamasında Fransanın İrəvana hərbi texnikanın verilməsi ilə bağlı razılığa gəlindiyi barədə verdiyi məlumat və razılığın detallarını gizli saxlamaları, bir daha bizə Fransanın Cənubi Qafqaza gəlişinin xoşniyyətli olmadığını göstərir və Fransanın bu kimi addımları bölgədə yenidən sabitliyi pozmağa cəhd kimi qiymətləndirilir:

"Rəsmi Bakının cavabı da fransalı nazirə gecikmədi. Əslində Fransanın Ermənistanı silahlandırması hər zaman baş verib, amma bu addımlar humanitar yardım və üçüncü ölkələrin vasitəsilə həyata keçirilib. Hazırda bu prosesin açıq müstəvidə və rəsmi hala keçirilməsi istiqamətində işlərin aparılması, Fransanın məhz indiki zamanda hansı ki, münaqişənin sonu görünür, vaxt itirmədən Ermənistana səfər edərək bu kimi çərçivədə danışıqlar aparması və razılıq əldə etməsi heç də xoş niyyətli deyil və münaqişənin davam etməsi üçün atılan addım hesab oluna bilər. Fransa XİN Ketrinin Qarabağdan könüllü şəkildə köç edən ermənilərin bunu könüllü şəkildə həyata keçirdiklərinin yalan olduğunu və bunu zorakı köç adlandırması və bu güc təhdidi altında edilən bir seçim idi, deməsi Fransa hökumətinin niyyətini nümayiş etdirən səhnə hesab etmək olar. "Blokada" və "məcburi köçürülmə" kimi Azərbaycana qarşı işlədilən çirkin cümlələr də Fransalı nazirin nə qədər qərəzli olduğunu göstərir".

Çingiz Şahbazi deyib ki, Kolonnanın "Fransa hər zaman Ermənistanın yanındadır" deməsi də onun neytral vasitəçi ola bilməməsini göstərir və Fransanın bu maskası da burda düşmüş olur:

"Ermənistana edilən yardımlar və onların həcminin artırılması və humanitar yardımlar və digər məsələlər birlikdə onu göstərir ki, Fransa xalqının pulu və sərmayəsi hazırkı Fransa hakimiyyətinin arzu və istəkləri çərçivəsində hara gəldi xərclənir. Sözsüz ki, bunun arxasında Fransada fəaliyyət göstərən erməni lobbisinin gücüdür və Fransa hökumətinin bu addımları, bu gücün qarşısında nə qədər aciz olduğunu göstərir".

AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu da deyib ki, rəsmi Paris açıq-aşkar Ermənistanı yeni müharibəyə sürükləyir. Onun sözlərinə görə, Fransanın Ermənistanı ciddi şəkildə silahlandlrması fonunda bunu aydın görmək mümkündür:

"Elə bu səbəbdəndir ki, Azərbaycan prezidenti bu gün Fransanın iştirakı ilə keçirilməsi nəzərdə tutulan Qranada görüşündən imtina etdi".

Əli Oruclu deyib ki, Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir və son dövrlər Azərbaycana qarşı hətta diplomatik və dövlətlərarası hamılıqla qəbul olunmuş prinsiplərlə bir araya sığmayan mövqe sərgiləməkdədir:

"Ermənistanı sılahlandırmağı vacib vəzifə sayan Paris neytral ölkə sifətində vasitəçi qismində iştirakı qeyri-mümkündür".

AMİP funksioneri deyib ki, ən son BMT Təhlükəsizlik Şurasında Qarabağa dair məsələ müzakirə olunan zaman hər iki dövlətin bizə olan qeyri-obyektiv və qərəzli mövqeyini gördük:

"Qranada görüşündə də Paris və Berlin anoloji mövqe ortaya qoyacaqdır".

Əli Oruclu hesab edir ki, rəsmi Bakı bundan sonra da qeyd edilən formada təklif edilən heç bir görüşdə iştiraka razılıq verməməlidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31