Ermənistan və onun havadarları Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur
6 Oktyabr 2023 11:35 SiyasətArtıq bir xeyli müddətdir ki, Azərbaycan və Ermənistan arasında keçirilən görüşlərdə bir susqunluq hökm sürür. Ən son Moldovada bir araya gələn Azərbaycan və Ermənistan liderlərinin yenidən bir araya gəlməsi üçün cəhdlər göstərilsə də, lakin bütün bunlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması təşıbbüslərindən daha çox regionda yenidən gərginlik yaratmaq, Azərbaycan və Ermənistanın sülhə doğru irəliləməsinə mane olmaq cəhdləri təsiri bağışlayır. Hər halda indiyə qədər iki ölkənin Moskva, Brüssel, Vaşinqton təmaslarından fərqli olaraq Avropadakı ermənipərəst dairələrin Bakı-İrəvan təmasları üçün yeni format təklif etməsi belə deməyə əsas verir. Faktiki olaraq yeni təkliflə Azərbaycan diplomatik müstəvidə, danışıqlar masasında təklənmiş vəziyyətdə qalır. Elə bu səbəbdəndir ki, Azərbaycan haqlı olaraq oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi nəzərdə tutulan görüşdən imtina etdi. Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyev sözügedən şəhərdə keçirilən Avropa İttifaqı-Fransa-Almaniya rəhbərləri, eyni zamanda Azərbaycan və Ermənistan liderlərinin görüşündə iştirak etməyəcəyini açıqladı. Tam haqlı və doğru qərar idi.
Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədirlər. Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Azərbaycan və Türkiyə liderlərinin fransız-alman-erməni ittifaqına "yox" deməsi, Prezident İlham Əliyevin, Qranada görüşündən imtina etməsi tamamilə doğru addımdır:
"Həmçinin rəsmi Bakının Türkiyənin də sözügedən görüşdə iştirakını tələb etməsi mükəmməl taktiki gediş kimi qiymətləndirilməlidir. Bu addım düşmənlərimiz üçün həqiqətən də gözlənilməz oldu və onları pis vəziyyətdə qoydu".
Komitə sədri deyib ki, Fransa kimi ədalətsiz bir ölkənin yer aldığı, Türkiyənin isə iştirak etmədiyi görüşdən imtina etmək Azərbaycanın müstəsna haqqıdır:
"Tərəfsizliyini və neytrallığını erməni lobbbisinin maraqlarına qurban vermiş Fransanın yer aldığı görüşlərdə iştirak etməyin heç bir anlamı və perspektivi yoxdur".
Əlisahib Hüseynov deyib ki, lokal antiterror tədbirlərinin Qarabağdakı mənfur separatçı rejimin çöküşü ilə nəticələnməsi hazırda Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb:
"İndi bölgədə qalıcı sülhün təmin olunması şərtlərini istisnasız olaraq məhz Azərbaycan diktə edir. Fransa və Almaniyanın birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış edəcəyi və Azərbaycana haqsız təzyiqlərin ediləcəyi görüşdən imtina edilməsi rəsmi Bakının diktə hüququnu özündə saxladı. Eyni zamanda Makron-Şolts-Paşinyan üçlüyünün anti-Azərbaycan planları pozuldu. Ermənistan və onun havadarları Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur".
AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Türkiyəni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarda tutmaq cəhdlərinə də diqqət çəkib və bildirib ki, qardaş ölkəni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırma və regiondakı proseslərdən kənarda tutmaq qeyri-mümkündür:
"Əvvəla ona görə ki, Türkiyə Azərbaycanın təbii və yeganə daimi müttəfiqidir. İkincisi, Türkiyə regional gücdür və bu regionda onun maraqlarını nəzərə almadan nəyəsə nail olmaq sadəlövhlükdür"
Əli Oruclu bildirib ki, Qarabağ iqtisadi zonasında son dövrlər cərəyan edən hadisələr Almaniyanı və Avropa İttifaqının da heç də tərəfsiz olmadığını ortaya qoydu:
"Qərəzli və İrəvanı dəstəkləyən, reallıqlardan isə uzaq olan bəyanatlar verdilər. Azərbaycan haqsız olaraq sanksiyalarla hədələndi. Aİ prezidenti Şarl Mişel bir az qabağa gedərək ermənilərə rusların xəyanət etdiyini və Bakı ilə münasibətlərə yenidən baxmaq barədə qəbul olunmayan fikirlər səsləndirdi. Bütün bunları analizdən keçirərkən aydın olur ki Fransa-Almaniya-Aİ-Azərbaycan-Ermənistan formatı uğurlu format deyil və bu formatda təmaslar nə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına, nə də ümumilikdə regionda gərginliyin azaldılmasına heç bir tövhə verə bilməz. Əksinə, Ermənistanı yenidən ruhlandırmağa rəvac verə bilər. Göründüyü kimi format 3+2 deyil, 4+1 olaraq Azərbaycanın təklənməsi anlamdır. Hesab edirəm ki, gələcəkdə bütün formatlarda da Türkiyə yoxdursa və yaxud Fransa varsa, orda Azərbaycanın iştirakı məqbul sayılmamalıdır".

Süleyman