Fransanın Azərbaycana qarşı açıq düşmənçiliyi

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü təmin etməsi bir sıra maraqlı qüvvələr tərəfindən həzm etmək sözün əsil mənasında müşkül məsələyə çevrilib. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizama salınması mandatına malik dövlətlər bu məsələdə daha çox canfəşanlıq edirlər. Məntiq isə deməyə əsas verir ki, deməli, ötən illər ərzində vasitəçi dövlətlər Cənubi Qafqazda yalnız öz maraqlarını güdüblər. Azərbaycanın BMT-nin qətnamələrini icra edərək suverenliyini bərpa etməsi həmsədr dövlətlərin  iç üzünün açılmasına səbəb olub. Hazırda görünən ondan ibarətdir ki, keçmiş Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiya Qarabağda yaranmış vəziyyətdən sui-istifadə etmək eşqinə düşüblər. Ötən müddət ərzində daim Ermənistanın maraqlarını müdafiə etməsilə fərqlənən Fransa indi bir az da irəli gedərək Azərbaycana qarşı bütün təsir imkanlarını işə salıb. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları fikrimizi bir daha təsdiqləmiş olur. Ketrin Kolonna İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Paris İrəvanla hərbi texnikanın tədarükünə dair saziş bağlamağa razıdır. Onun sözlərinə görə, Fransa Ermənistanla gələcək müqavilənin bağlanmasına razılıq verib: "Bu da Ermənistanın müdafiəsini təmin edə bilməsi üçün ona hərbi texnikanın verilməsinə imkan yaradacaq. Aydındır ki, mən hələlik bu məsələnin təfərrüatı üzərində dayana bilmərəm". Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması qətiyyən qəbuledilməzdir. Ketrin Kolonnanın açıqlamalarından belə aydın olur ki, separatçıları zərərsizləşdirərək tərkisilah etmək cinayət sayılır, amma separatçılara hərbi dəstək verən Ermənistanı silahlandırmaq özünümüdafiə. Xatırladaq ki, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə çağırış edib ki, ölkəmizin Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsinin və qeyri-qanuni separatçı rejimin mövcudluğu regionda sülh və sabitliyin əldə olunmasına əsas maneədir. Çünki bu qüvvələr bizim ərazilərimizdə hərbi təxribatlar törədirdilər. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Bu təxribatlara cavab olaraq, Azərbaycan 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib. Bu zaman yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olmuşdur. Mülki əhali və obyektlər heç vaxt hədəfə alınmayıb və hərbçilərimiz mülki yaşayış məntəqələrinə daxil olmayıblar. Ermənistan baş naziri də Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmamasını və onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığını etiraf edib. Üstəlik, Ermənistan dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edib. Belə bir halda Cənubi Qafqazdakı vəziyyəti qəlizləşdirməkdə Fransa hansı məqsədi güdür? Axı, gərək 30 il vasitəçi missiyasını daşıyan Fransa Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün öz töhvəsini versin. Lakin əlahəzrət fakr ondan ibarətdir ki, Fransa mütəmadi olaraq Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən çoxsaylı bəyanatlar, qətnamələr qəbul edib, həmin sənədlərlə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Heç şübhəsiz ki, Fransanın sərgilədiyi bu siyasət separatçılar və revanşist qüvvələrə əlavə stimul verib. Daim birtərəfli xarici siyasət yürüdən Fransa heç vaxt Ermənistandan zorla çıxarılan və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından danışmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyənatında da qeyd edildiyi kimi 30 il ərzində heç vaxt azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Sirr deyil ki, Ketrin Kolonnanın səsləndirdiyi fikirlər xarici siyasət idarəsinin rəhbəri kimi təkcə özünün deyil, ümumilikdə Fransanın mövqeyidir. Xatırladaq ki, hələ ATƏT MQ həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib.

Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.  Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və bu fəaliyyəti indi də davam etdirirlər. Sadalanan faktlar deməyə əsas verir ki, Fransa bütün dövlət və qeyri-dövlət strukturlarını Azərbaycana qarşı antitəbliğat aparmağa səfərbər edib. Bu isə o deməkdir ki, hazırda Fransa Azərbaycana qarşı açıq düşmənçilik fazasına keçib. Lakin birmənalı şəkildə demək olar ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya sübut edib. Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31