Nağıl dünyasından real döyüşə... Züleyxa NADİR yazır
6 Oktyabr 2023 10:52 SiyasətZüleyxa NADİR
Müharibənin nə olduğunu, necə davam etdiyini filmlərdə görmüşdü, bir də birinci Qarabağ müharibəsinin iştrakçısı, müharibə veteranı olan atasından eşitmişdi. Bilirdi ki, müharibənin alovu, şiddəti ilə yaşayanlar onun qan qoxusunu bir ömür özləri ilə daşıyırlar. Qulaqlarında top-tüfəng səsi, gözlərinin önündə atəş qığılcımı, ürəklərində şəhid olan əsgər dostunun son istəyi olan müharibə iştirakçısı bu həyatın hər cür gərdişinə tab gətirir, əyər-əskiyini görməməyə çalışır, ya da həmin çətinliyin üzərinə gedir.
Və bütün bunlar bəzən ona reallıqdan uzaq görünürdü. Bəzən də ona elə gəlirdi ki, atasının dediklərini ruhunda daşıyır. "Vətən", "torpaq", "azadlıq", "savaş", "düşmənlə döyüşmək", "qələbə" və bu qəbildən olan digər sözlər onun doğulub böyüdüyü evdə atasının dilindən çox səslənirdi. Bəlkə də bu səbəbdən uşaq yaşlarından ürəyində bir müharibə səhnəsi qurmuşdu. Haçansa onun reallaşacağına inanmışdı. Böyüdükcə hiss edirdi ki, həmin səhnə ürəyində yuva qurmaqla yanaşı, həm də yaddaşına hopub. Hərdən yaddaşındakı bu səhnəni silməyə çalışsa da mümkün olmurdu. Özü uydurmuşdu, axı. "Bəs, nə zaman müharibə başlayacaq? Düşmən üzərinə gedib torpaqlarımızı niyə almırıq? Görəsən müharibəyə başlayacağımız günü görəcəyəmmi" kimi suallar hər zaman beynində dolaşıb, cavab gözləyib. Nəhayət 2020 - ci il sentyabrın 27-də suallarının cavabını aldı. Oktyabrın 20-də isə döyüşə yollandı...
Xaçmazın Maksudkənd kəndindən yola çıxan Namiq Ağadadaşov Tərtər, Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edərək taleyinə şərəfli bir döyüş yolu yazdı. Bu yolda nələr görmədi?! Bir vaxtlar ürəyində qurduğu müharibə səhnəsini real yaşadı. Burada o, düşmənlə üz-üzə gəldi, səngərin soyuğunu canına hopdurdu, günlərlə yatmadı, aç qaldı, susuz qaldı, amma düşməni məhv etmək, torpaqlarımızı onların əlindən geri almaq istəyini bir an olsun unutmadı, ölümün gözünün içinə dik baxdı, qorxmadı. Birinci Qarabağ müharibəsində döyüş yolu keçmiş atası Natiq Ağadadaşov onu savaşa yola salanda demişdi : "Qorxma, oğlum, erməni elə də güclü deyil. Silahını möhkəm tut, o, sənin yol yoldaşın, dostun, sirdaşın olacaq. Bilirsən ki, dost dostu darda qoymaz". Namiq təbii ki, qorxmadı. O, qorxunu hələ 2013-2014-cü illərdə Xocavənd və Ağdam rayonlarında-düşmənin 52 metrlik məsafəsində həqiqi hərbi xidmət keçərkən üstələmişdi.
Döyüş yolu nə qədər şərəfli olsa da, təhlükəli və qan-qada dolu yoldu. O yolda addımlayanların ürəyində Vətən sevgisi, torpaq məhəbbəti, millət eşqi daim yanmalıdı, sönməyən alov kimi igid oğulların önünü işıqlandırmalıdır. Namiq də həmin igidlərdəndi. Onun uşaq vaxtlarından ürəyində bəslədiyi qığılcım Vətən müharibəsində alov oldu. Namiq deyir: "Vətən yolunda şəhid olmaq xoşbəxtlikdir. Müharibə bitir, sən isə heç bir zaman yaddan çıxmırsan, şəhid ruhun Vətən səmasında dolaşır, əzizlərinin başı üzərində onlara keşik çəkirsən, sanki. Mən isə şəhid olmadım. Bu da Allahın mənə lütfüdü. Müharibənin bitməsinə bir gün qalmış yaralandım, kəllə-beyin travması aldım. Doğrudur, bu gün baş-beyin pozulmasından, güclü sinir ağrılarından əziyyət çəkirəm, 3-cü qrup əliləm, müharibə veteranıyam. Amma bilirəm ki, ömrümün sonunacan Zəfərdən sonra doğulan və general Polad Həşimovun şərəfinə adını Polad qoyduğum oğlumun gözünün içinə dik baxacam, onun fəxr və qürur yeri olacam. Necə ki, mən atamla fəxr edirəm, qürur duyuram".
44 günlük savaşda Müzəffər Azərbaycan Ordusu tarix salnaməsinə hər gün bir qələbə yazdı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, cəsarəti hər bir əsgərin əlindən tutdu, onların döyüş ruhunu artırdı. Həmin günlərdə Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" deyimi Vətən şüarı idi. Beynində, zehnində kök atan bu sözlər Namiqi döyüşdən döyüşə apardı, qələbədən qələbəyə ruhlandırdı. Bu gün də böyükdən kiçiyə-hər kəsin dilində əzbər olan bu şüardakı "Qarabağ" və "Azərbaycan" sözlərindən qiymətli, sevimli, gözəl bir söz varmı? Məncə, yoxdu. Dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımız belə həmin günlərdə bu iki kəlmənin sehrində idilər. Nə qədər möcüzəli, cazibəli sözlərdi, deyilmi?! Namiq də bu sözlərin cazibəsi, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli, döyüşkən ruhlu Azərbaycan oğlu olaraq mənfur düşməni torpaqlarımızdan qovan cəsarətli, döyüşkən ruhlu igidlərdəndir. Müzəffər Azərbaycan Ordusunun əsgəri olaraq öz adını Vətən müharibəsi tarixinə yazan, "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunan minlərlə Azərbaycan oğlundan biridi.