Ermənistan artıq öz seçimini edib - ÖZƏL
14 Sentyabr 2023 12:32 Siyasət"Ermənistan Baş Naziri N.Paşinyanın "Ermənistan öz təhlükəsizliyini Rusiyaya etibar etməklə strateji səhv edib"- deməsi və bunun fonunda Amerika ilə hərbi təlim keçirməyə hazırlaşması birmənalı qarşılanmayıb. Bu addımın ilk baxışda Ermənistanın Rusiyadan tamamı ilə qopub, Qərbə inteqrasiya yolunu tutduğu və nəticədə NATO-ya daxil olmaq üçün planlar cızdığı anlamına gəlir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, hesab etmək olar ki, Ermənistan öz seçimini artıq edib:
"Məsələ ondadır ki, 44 günlük müharibədən sonra düşdükləri acız durumun səbəbkarının Moskva olduğunu vurğulayan Ermənistan hakimiyyəti Rusiya ilə Qərb arasında mövcud olan incə cizgi üzərində vargəl edir, hansı tərəfə doğru qəti addım atmasının doğru olacağını fikirləşməklə məşğuldur. Paşinyan bunu "Rubikon" adlandırmışdı. Bu termin keçilmək istənilən xəttin keçildikdən sonra bir daha geridönüşü olmayan xətt olduğu anlamına gəldiyindən Paşinyan üçün qərar vermək həddən artıq çətin və məsuliyyətli, həm də təhlükəli idi. Görünən odur ki, Paşinyan bunları gözə alıb və Amerika ona təhlükəsizlik üçün hansısa qarantiyalar veribdir ki, o, qərarını qətiləşdirib və konkret olaraq Rusiyadan uzaqlaşmaq yolunu tutub".