İrəvan Moskvadan üz döndərdi - ÖZƏL

"Rusiya prezidenti Vladimir Putinin Vladivostokta keçirilən Şərq İqtisadi forumunun plenar iclasında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanatından sonra Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-ın "Politico" nəşrinə "Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz" tezisi diqqət çəkir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Kreml rəhbərinin rəsmi Bakının lehinə fikirlər səsləndirməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticələri olaraq əhəmiyyətlidir. Rusiya üzləşdiyi çətin geosiyasi durumu Bakı-Ankara müttəfiqliyi ilə kompensasiya etmək istəyir: 

"Müsahibə zamanı Nikol Paşinyan da bu istiqamətə yönəlik fikirlər səsləndirdi. O, Rusiyanı sülhməramlı missiyanı lazımı qaydada yerinə yetirə bilməməkdə ittiham etməklə yanaşı Azərbaycan və Türkiyənin Rusiya üçün strateji əhəmiyyətə malik olduğunu dilə gətirdi. İndiki məqamda gərginləşən Rusiya Ermənistan münasibətlərinin hansı istiqamətdə cərayan edəcəyi maraq doğurur. Ümumiyyətlə Moskva-İrəvan gərginliyinin əsası ikinci Qarabağ müharibəsindən sonra qoyuldu və Ermənistan bu gündə Rusiyanı müharibə zamanı müşahidəçi qisimdə prosesləri izləməkdə ittiham edir. Halbuki bu reallıqdan tamamilə uzaq yanaşmadır. Bilindiyi kimi Rusiyanın hərbi əməliyyatları yekunlaşdırmaq barədə səyləri olmasaydı nəticə Ermənistan üçün bu gün olduğundan daha ağır olardı. Lakin ermənilər onların yerinə başqalarının döyüşməsinə adət etdikləri üçün həqiqəti qəbullanmaqda çətinlik çəkirlər".

AVP rəsmisi qeyd edib ki, Qərbpərəst siyasətçi kimi tanınan  Paşinyanın məlum çıxışı ABŞ-Ermənistan təlimləri fonunda diqqəti daha çox cəlb edir:

"Xatırlayarsaq ötən il Nancy Pelosinin İrəvan səfəri zamanı Vaşinqtonun Ermənistana hərbi dəstək verəcəyi qeyd olunmuşdu. Bundan sonra isə baş nazir və əksər  siyasi elita nümayəndələri tez-tez KTMT-dən çıxmağı dilə gətirdi. İndiki halda Paşinyan son çıxışı ilə prosesə nöqtə qoydu. İrəvan Moskvadan üz döndərdi". Pərviz Mirizadənin sözlərinə görə, görünən odur ki, Ermənistan növbəti müttəfiq axtarışındadır və öz yaradıcısını ABŞ və Fransa kimi güclərlə əvəzləmək arzusundadır:

"Xüsusilə Vaşinqton variantı daha real görsənir. Lakin rəsmi Moskvanın bunu sakit şəkildə qarşılayacağı o qədər də inandırıcı görünmür. Baxmayaraq ki, Rusiya Ukrayna müharibəsindən dolayı bir çox çətinliklə üzləşib, lakin hələ də onların Ermənistan üzərində təsiri çox yüksəkdir. Rusiya əlverişli şərait yarandığı zaman Ermənistanda hakimiyyət dəyişikliyi etməyi bacaracaq gücdədir. Elə Paşinyanın da çəkindiyi əsas məqam məhz budur. Ancaq Paşinyan üzləşdiyi situasiyaya məntiqlə yanaşsa, onu bu vəziyyətdən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağın xilas edəcəyini bilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31