Cəbhədə vəziyyətin gərgin olaraq qalması Ermənistanın sülh prossesindən yayınmaq istəməsinin göstəricisidir - ÖZƏL
8 Sentyabr 2023 12:57 Siyasət"Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var. Bununla yanaşı qeyri-rəsmi olaraq ehtiyatdan on minə qədər hərbiçinin Ermənistan ordusuna çağırıldığı da məlumdur. Ermənistanın rəsmi dairələri bunu hər nə qədər gizlətməyə çalışsa da sosial şəbəkələrin erməni seqmentinə baxdıqda bu məlumatın həqiqət olduğu ortaya çıxır".
Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, yaxın vaxtlarda həm ölkədaxili, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimindən ciddi hərbi təxribat gözləməyə əsas var:
"Belə ki, cəbhədə vəziyyətin qeyri-sabit və gərgin olaraq qalması Ermənistanın sülh prossesindən yayınmaq istəməsinin göstəricisidir. Laçın yolu ətrafında "humanitar şou" oynayan Ermənistan havadarlarının da qeyri obyektiv mövqeyi sayəsində sülh prossesini faktiki olaraq tormozlamağa cəhdlər edir.
Maraqlar isə aydındır. Birincisi Ermənistan bununla vaxt udmağa və bu vaxtdan istifadə edərək İkinci Qarabağ savaşında darmadağın olan ordusunu bərpa etməyə çalışır. Ermənistanın Hindistan, Fransa, İran kimi ölkələrlə olan silah müqavilələri, Yunanıstanla hərbi əməkdaşlıq haqqında danışıqlara başlaması da bunu sübut edir. İkinci bir tərədən isə vəziyyətin gərgin olaraq qalması Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan və bununla bağlı Ermənistana təzyiq göstərən ayrı-ayrı ölkələrin sifarişlərindən qaynaqlanır".
Yusif Bağırzadə qeyd edib ki, Qərb, xüsusilə də Fransa Ermənistana hər platformada dəstəyini ifadə etməklə vəziyyətin qeyri sabit qalmasında maraqlıdır:
"Rəsmi Paris düşünür ki, qeyri-sabit vəziyyət Ermənisitan cəmiyyətində Rusiyanın Ermənistanı müdafiə edə bilməməsi düşüncəsini daha da inkişaf etdirə və nəticədə anti-Rusiya mövqeyini möhkəmləndirə bilər. Bununla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı hədəfləyən Fransa və ABŞ sonrakı mərhələdə Rusiyadan qalan yeri özlərinin doldurmasını hədəfləyirlər. Problem ondadır ki, vəziyyətin gərgin olaraq almasında maraqlı olan tərəf təkcə Qərb deyil. Rusiyanın özü də tərəflərin sülhdə anlaşmamasında maraqlıdır. Çünki Rusiyaya görə Azərbaycan və Ermənistan arasında sülh nəticə etibarilə Rusiyanın təkcə Qarabağdan deyil, həm də növbəti mərhələdə Ermənistandan da çıxması demək olar. Eyni şeyi İranla bağlı da demək olar. Rəsmi Tehran da öz maraqları prizmasından Azərbaycan və Ermənistan arasındakı sülhdə maraqlı deyil. Başqa sözlə desək adı çəkdiyim oyunçulardan hər birinin vəziyyətin gərgin qalmasında öz maraqları olduğu üçün Ermənistan da mütəmadi olaraq təxribatlar törətməklə prossesi uzatmağa çalışır".
Politoloq deyib ki, Paşinyan və komandasının son günlərdəki bəyanatları, Azərbaycanın süverenliyi əleyhinə mövqe sərgiləməsi də elə məhz buna hesablanıb:
"Ermənistan hakimiyyəti bu cür bəyanatlarla həm danışıqlar masasından qaçır, həm də Ermənistan daxilində revanşist mövqedə dayanan müxalifətinin mövqelərini zəiflətməyə çalışır. Yəni, qısa olaraq desək Paşinyanın faktiki olaraq radikal mövqedə dayanması Qarabağ kartını müxaifətin əlinə vermək istəməmsi ilə də bağlıdır".