Büdcə vəsaitləri səmərəli istifadə olunmalıdır
8 İyun 2023 11:37 SiyasətBüdcədən maliyyələşdirilən layihələr iqtisadiyyatın neftdən asılılığını azaltmağa xidmət etməlidir
Milli Məclisin növbədənkənar iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi aparılır. Qanun layihəsinin təqdimatında bildirilib ki, dünya iqtisadi proqnozlarında iqtisadi artım templərinin zəifləməsinə baxmayaraq dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək. Ümumilkdə dövlət büdcəsinin icrası müsbət qiymətləndirilsə də bu sahədə çatışmazlıqların olması da söylənilir. Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qeyd edib ki, Milli Məclisin iqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışlarında qeyd olunan nöqsanlar, çatışmazlıqlar, qanun layihəsi və ona dair Hesablama Palatasının rəyi ilə tanış olanda, eləcə də gündəlik rastlaşdıqlarımız, daxil olan informasiyalar təsdiq edir ki, ölkəmizdə maliyyə intizamının gücləndirilməsinə ciddi ehtiyac var. Büdcə vəsaitlərinin xərclənməsində qanunvericiliyə ciddi əməl olunmaması, şəffaflığın yetərincə olmadığı göz önündədir. Millət vəkili qeyd edib ki, Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinə görə, Milli Məclis dövlət büdcəsini təsdiq edir, onun icrasına nəzarəti həyata keçirir: "Biz Hesablama Palatası yaratmaqla, Hesablama Palatası və Nazirlər Kabinetinin hesabatlarını dinləyib qənaətbəxş hesab etməklə öz işimizi bitmiş, nəzarət funksiyamızı yerinə yetirmiş olduğumuzu düşünürük. Milli Məclis HP-nın rəyində, deputatların çıxışlarında göstərilən nöqsanların aradan qaldırılması və növbəti büdcə ilinə qədər Milli Məclisə məlumat verilməsinə dair qərarlar qəbul etməlidir. Müvafiq komitə bu tipli qərar layihələri hazırlamalıdır. Öz nəzarət funksiyamızın ölkəmiz üçün daha faydalı olması naminə Milli Məclisdə daha çox konkret şəxslərə vəzifə verilməsi məqsədilə yaradılmış bir çox komitələr birləşdirilməli, əvəzində büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis həmin Komitə vasitəsilə birbaşa, peşəkar səviyyədə bu işlə məşğul olmalı, büdcəni icra etməyən vəzifəli şəxslərdən ciddi hesabatlar tələb olunmalı, onlar məsuliyyətə cəlb edilməli, şəffaflığın artırılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi məqsədilə ciddi təkliflər hazırlanmalıdir. Biz özümüz də qanun yaradıcılığı ilə məşğul olmalı,yalnız hökumətdən qanun layihələri gözləməməliyik". Qüdrət Həsənquliyev vacib bir fakta da diqqət çəkib: "2022-ci il üçün sosial müdafiə və sosial təminat üzrə təsdiqlənmiş büdcə 3 milyard 642.6 milyon manat olub, büdcəyə yenidən baxılma nəticəsində 86 milyon da artırılıb ki, ehtiyacı olan insanların sosial müdafiəsi daha yaxşı təşkil olunsun. Buna görə hökumətə təşəkkür etmək olar, amma büdcə ilkin proqnozdan 178.2 milyon manat az, 3 milyard 464.4 milyon manat səviyyəsində icra olunub. 86 milyon manatın isə bir qəpiyinə də toxunulmayıb, yəqin investisiya kimi yatırılacaq. Ac insanlar bir təhər dözə bilər, əsas investisiyadır... Axı biz qanunlara dəyişikliyi təsdiq edib onlara belə səlahiyyət verdik. Bir tərəfdən büdcədən ayrılmış və istifadə olunmayan pulları, digər tərəfdən sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə veteranlarını, müharibədə əlil olmuş şəxslərin, şəhid ailələrinin, yoxsul insanların, digər kateqoriyalardan olan əlillərin, pensiyaları kəsilmiş, ünvanlı sosial yardımdan məhrum edilmiş insanların dövlət orqanları qarşısında ah-nalələrini də görürük. Sosial müdafiəyə ayrılmış pullar xərclənmədiyi halda ehtiyata gedən zabitlər 5-6 il ev növbəsində gözləyir. Hesablama Palatasının rəyindən görünür ki, bir sıra qurumlar, ümumiyyətlə hesabatlarını "Büdcə sistemi haqqında" qanuna zidd olaraq Hesablama Palatasına təqdim etmir. Onların siyahısı rəydə öz əksini tapıb. Bu nə özbaşınalıqdır? Onlar barəsində niyə ölçü götürülmür?"
Millət vəkili bildirib ki, bölüşdürülməmiş xərclərin büdcə xərclərinin 12.8%-ni təşkil etməsi də ciddi narahatçılıq doğrur: "Qabacıl təcrübədə bu 3-6% təşkil edir. Subsidiyalar müəyyən xərclərin qarşılanması üçün ödənilir, amma 2022-ci ildə AZAL-a verilən 63.1 milyon manatlıq subsidiyanın 26.4 milyon manatı şirkətin hesabında saxlanılıb. Bu dövlət vəsaiti ilə dost tutmaqdır, proteksionizmdir, yoxsa nə? Xidmət haqqının çox yüksək olduğu monopolist şirkətə niyə subsidiya verilməlidir ki, o da bu vəsaitləri hesabında saxlasın?" Deputat qeyd edib ki, ictimai nəqliyyat bərbad vəziyyətdədir: "Hökumət üzvlərinin Bakı metrosundakı sıxlıqdan insanlarımızın necə əziyyət çəkməsindən yəqin ki, xəbəri var. Prezident 2011-ci ildə metronun inkişafına dair dövlət proqramı qəbul edib. 2011-ci ildən keçən müddət ərzində cəmi iki yeni stansiya istifadəyə verilib. Halbuki metronun konseptual inkişaf sxeminə görə xətlərin sayının 5-ə, stansiyaların sayının isə 70-ə çatdırılması nəzərdə tutulur. 12 il ərzində, 2016 və 2021-ci illərdə cəmi 2 stansiya istifadəyə verməklə, biz neçə ilə qarşıya qoyulan məqsədə çata bilərik? İctimai nəqliyyatın bərbad vəziyyətdə olması səbəbindən hamı şəxsi avtomobil almağa çalışır. Tramvay xətləri yox, adambaşına düşən avtobusların sayı da qabaqcıl ölkələrlə müqayisə dəfələrlə az, məhz bu səbəbdən avtomobil yollarındakı sıxlığı və tixacları da hər birimiz görürük. Vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün sərnişin daşıması ilə məşğul olan özəl şirkətlərə çoxlu və müasir avtobuslar alınması məqsədilə uzunmüddətli və aşağı faizlərlə kredit verilməlidir. Müəyyən istiqamətlər üzrə tramvay xətlərinin çəkilməsi üçün xarici investorlar cəlb olunmalıdır. Həllini gözləyən probmler çoxdur, o cümlədən Qarabağın bərpası, Ordunun silahlandırılması və sair. Ona görə büdcə vəsaitləri səmərəli istifadə olunmalı, büdcədən maliyyələşdirilən layihələr iqtisadiyyatın neftdən asılılığını azaltmağa xidmət etməlidir. Büdcə vəsaitlərinin səmərəsiz istifadə olunmasının və onun oğurlanmasının qarşısının alınması istiqamətində əlavə tədbirlər görülməlidir".
Millət vəkili qeyd edib ki, neftin qiymətinin baha olması səbəbindən bu sektordan daxilolmaların artması başadüşüləndir, amma qeyri - neft sektorundan əlavə dəyər yaratmadan gömrük və vergi daxilolmaları üzrə proqnozların bu qədər artırılmasının qiymət artımına və inflyasiyaya yol açacağı şübhəsizdir: "Bizə məlumat verilmir ki, nə qədər yeni iş yeri açılıb, idxal əməliyyatları ilə məşğul olan fiziki və hüquqi şəxslərin sayında nə qədər artım var? İdxal niyə artır? İdxal olunan malların çeşidində və həcmində artım nə qədərdir? Bu rəqəmlərdə ciddi artım olmadan yalnız qiymət dinamikasına görə proqnozların bu qədər artırılması kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmır. Hamımız başa düşürük ki, Qarabağı bərpa etmək, Ordunu gücləndirmək lazımdır. Amma ömür də keçir. Mənə verilən məlumata görə 8 minə qədər müharibə əlili, şəhid ailəsi ev növbəsindədir, ehtiyata buraxılmış zabitlər 5-6 il mənzil növbəsində gözləyir, onlara ev verilənə qədər cəmi 350 manat mənzil kirayə haqqı ödənilir. Həmin vəsaitlə necə normal mənzil kirayələmək olar? Həm də ordudan başqa Silahlı Qüvvələrə daxil olan digər hərbi birləşmələrin zabitlərinə bu hüquq tanınmır. Niyə? Axı onların hamısı müharibə dövründə Ordumuzla birlikdə torpaqlarımızın azadlığı üçün çiyin-çiyinə döyüşürdü. Bu ədalətsizliyin aradan qaldırılması və qeyd etdiyim kateqoriyadan olan şəxslərin də digərləri ilə birlikdə ən geci 2-3 il ərzində mənzillə təmin olunması məqsədilə əlavə vəsait ayrılmasını təklif edirəm. Neft Fondundan bu məqsədlə vəsait ayırmaq lazımdır. Çox da səmərəli istifadə olunmayan neft fondunun vəsaitləri həmin kateqoriyadan olan insanlara göz dağına çevrilməməli, həssas təbəqədən olan insanların sosial problemlərinin həllinə yönəldilməlidir. Cari ilin 1-ci rübündə orta illik inflyasiyanın 13.4 % , ərzaq malları üzrə orta illik inflyasiyanın 16.6 % olmasını nəzərə alaraq, digər dövlət orqanları ilə müqayisədə ən az maaş alan DİN və FHN-nin əməkdaşlarının, Ədliyyə Nazirliyində müəyyən kateqoriyadan olan şəxslərin, həkimlərin, müəllimlərin əmək haqlarının, pensiyaların əhəmiyyətli məbləğdə artırılmasına ehtiyac var. Bundan başqa, mülki cəmiyyəti və çoxpartiyalı sistemi inkişaf etdirmək üçün reklam bazarı olmadığını nəzərə alaraq, KİV-lərə , xarici donorlardan qrant almaq imkanı olmadığından QHT-lərə, o cümlədən siyasi partiyalara kömək məqsədilə büdcədən ayrılan vəsait artırılmalıdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağda təbiətimizi vəhşicəsinə istismar edən işğalçılara Şuşada etiraz edən QHT-lərin fəaliyyəti daha ciddi dəstəklənməli idi və dəstəklənməlidir. Büdcə gəlirlərini artırmaq, onun oğurlanmasının qarşısını almaq və ondan daha səmərəli istifadə üçün şəffaflıq artırılmalı, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, dövlət inhisarçılığına son qoyulmalı, rəqabət mühiti yaradılmalı, vergi və rüsumlardan azad etməklə proteksionizmə son qoyulmalı, böyük özəlləşdirməyə gedilməli, investisiya cəlbi üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülməlidir. İzahatda Rusiyada sanksiyalar ucbatından neft hasilatının azalacağı proqnozlaşdırılsa da Rusiya -Ukrayna müharibəsinin uzun müddət davam etməsi ehtimalı çox azdır. Allah yardımçı olsun ki, müharibə tez bitsin, insanlar həyatını itirməsin. Amma onu da nəzərə almalıyıq ki, müharibə başa çatan kimi Rusiyanın müəyyən xərcləri qarşılaması üçün sanksiyalar aradan qaldırılacaq və Rusiya neft və qaz hasilatını kəskin artıracaq, bunun nəticəsində enerji daşıyıcılarının qiymətləri aşağı düşəcək və biz 2014-cü ildə olduğu kimi ciddi sınaqlarla üz-üzə qalacağıq. Bütün bunları nəzərə alıb nəhayət ki, dövlətin iqtisadiyyatda iştirakını minimuma endirib bazar iqtisadiyyatına keçid etməliyik".
Alim