"İsrail Azərbaycan xalqının tarixi fəlakətlərinə anlayışla yanaşır"- ÖZƏL
1 İyun 2023 16:02 Siyasət"Azərbaycan ilə İsrail münasibətləri bu gün dünyanın beynəlxalq münasibətlər sistemində ən qibtə duyulan və qarşılıqlı anlayışa söykənən münasibətlərə göstəriləcək nümunədir. İsrail və Azərbaycan münasibətlərinin kökləri həm müstəqil dövlətçilik tariximizlə həm də, xalqlar arasında humanitar-mədəni əlaqələrlə bağlıdır. Azərbaycan müstəqillik əldə etdikdə ölkəmizin müstəqilliyini dəstəkləyən ilk dövlətlərdən biri də İsrail idi.Hər iki döclətin münasibətləri ilə bağlı təkcə dövlətçilik tarixinə nəzər salmaq düzgün olmaz. Hətta, Azərbaycan müstəqil dövlət olmadığı zamanlarda belə yəhudilər və Azərbaycan xalqı arasında yaxşı münasibətlər tarix boyu olub. Azərbaycanda çox mehriban, yerli adət ənənəyə hörmət edən yəhudi icması var. Onlar, paytaxtda və bölgələrdə Azərbaycan türkləri ilə birlikdə yaşayır, etnik gözəlliyi rəngləndirir. Xalqlar arasında münasibət yaxşı olduğu üçün, dövlətlərarası münasibətə də təsir edir".
Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Azərbaycan müstəqil dövlət olduqdan sonra, iki dövlətin tarixində yeni mərhələ başladı. Xüsusilə, Heydər Əliyevin hakimiyyəti illərindən indiyə qədər Azərbaycanın dövlət başçıları ilə İsrail siyasətçiləri arasında münasibət yaxın münasibətə çevrildi. Bu münasibətlər o qədər dərin və qarşılıqlı anlaşmaya söykəndi ki, qonşuluqda İran kimi dövlətin olmasına baxmayaraq, iki dövlətin münasibətləri yüksələn xətt üzrə hərəkət etdi. Ortada Fələstin kimi bir məsələ olmasına baxmayaraq, Azərbaycan ilə İsrail münasibətləri fasilə vermədi. Azərbaycan hər iki dövlətə beynəlxalq hüququn şərtləri çərçivəsində yanaşa bildi. Azərbaycan daim İsraillə münasibətləri daim dərinləşən və güclənən xətlə apara bilir, eyni zamanda Fələstin dövlətinin müstəqil dövlətçilik hüquqlarını da təşviq etməyə davam edir. İsrail Azərbaycan münasibətləri hazırda kompleks şəkildə inkişaf edir. Bu yol dərin yoldur və inkişaf etməyə davam edəcək. İsraildə Azərbaycan səfirliyinin açılması böyük tarixi hadisə oldu. Səfirliyin açılması sübut etdi ki, bu münasibətlər dönülməz xarakter alıb. Buna qarşı çıxmağa çalışan qüvvələr olsa da, münasibətlər yaxşılaşmağa davam edəcək. Bu günlərdə İsrail prezidentinin Azərbaycana səfəri böyük tarixi hadisəyə çevrildi. Bunlar səfirliyin açılmasının ardınca gələn möhkəmləndirici hadisələr oldu. Biz Vətən müharibəsi dövründə İsrailin Azərbaycana təmənnasız və dost dəstəyini gördük. Hərbi sistemimizin silah və texniki cəhətdən möhkəmləndirilməsində İsraildən dost münasibəti gördük. İsrail Azərbaycan xalqının tarixi fəlakətlərinə anlayışla yanaşır. Biz yəhudilərin ikinci dünya müharibəsi zamanı nasistlər tərəfindən soyqırıma məruz qalmasına fakt kimi yetəri qədər dəyər vermişik. Buna görə də onlar heç zaman erməni vəhşiliyinə laqeyd olmayıblar".