Trampın planı nədir? – ABŞ regionda hərbi gücünü 3 qat artırıb – ÖZƏL

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Theodore Roosevelt" aviadaşıyıcısı Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasına daxil olub. Bununla da Yaxın Şərqdəki ABŞ aviadaşıyıcı zərbə qruplarının sayı üçə çatıb. Regiona minlərlə əlavə hərbçi gətirən gəmi Ərəbistan dənizindəki "USS George H.W. Bush" və "USS George Washington" aviadaşıyıcılarına qoşulub. Hazırda bölgədə ABŞ-ın 3 təyyarədaşıyan gəmisi ilə yanaşı, 13 esminesi, 2 kreyseri və 1 sahil döyüş gəmisi yerləşir. 

Sözügedən məsələ ilə bağlı Olaylar.az-a danışan siyasi təhlilçi Elçin Xalidbəyli bildirib ki, hazırda Yaxın Şərqdə hərbi-siyasi böhran dərinləşməkdə davam edir və bu proses yaxın perspektivdə hərbi əməliyyatların yenidən bərpa olunması təhlükəsini də ciddi şəkildə artırır. ABŞ Prezidenti Donald Tramp Çin lideri və Rusiya Prezidenti ilə görüş ərəfəsində hərbi əməliyyatların bərpasına həvəs göstərmədi. Ola bilsin ki, bu barədə artıq əvvəlcədən qəbul edilmiş ilkin qərar və qənaətlər görüşdən sonra, yəni həm də görüşün nəticələrinə uyğun olaraq yenidən nəzərdən keçirilə bilər. Əgər üç liderin görüşündə ABŞ-nin maraqlarını tam təmin edəcək nəticə əldə olunmazsa, o zaman yaxın perspektivdə müharibənin yenidən bərpa olunması ehtimalı ön plana çıxa bilər. Çünki Prezident Donald Trampa hazırda hansı sahədə olmasından asılı olmayaraq, qlobal xarakterli qələbə lazımdır. O, bunu ABŞ cəmiyyətinə təqdim etməkdə maraqlıdır. Ancaq üç liderin görüşündən Tramp daha sərfəli nəticələrlə ayrılarsa, o zaman yaxın perspektivdə müharibəyə ehtiyac qalmaya bilər. İranın Çin və Rusiyanın üzərinə müəyyən öhdəliklər götürəcəklərinə nail olacağı isə o qədər də inandırıcı görünmür. Bu da onu göstərir ki, yaxın günlərdə və ya həftələrdə İrana qarşı hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalı kifayət qədər yüksəkdir. ABŞ-nin bölgəyə çoxlu sayda hərbi dəniz qüvvələri və quru qoşunları cəmləşdirməsi də müharibə ehtimalının real olduğunu göstərir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31