Bir-birini bütün sahələrdə özü üçün etibarlı tərəfdaş kimi görən İsrail və Azərbaycan - ÖZƏL
31 May 2023 14:28 Siyasət"Bir-birini bütün sahələrdə özü üçün etibarlı tərəfdaş kimi görən İsrail və Azərbaycan arasında münasibətlər bu il Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasından sonra daha da möhkəmlənib. Prezident İlham Əliyevin də İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında vurğuladığı kimi bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İsrail prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, İsrail Prezidentinin ölkəmizə səfəri eyni zamanda hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığının real göstəricisidir:
"Bu baxımdan, İsrail prezidentinin Azərbaycana səfərini dövlət başçımızın tarixi səfər kimi qiymətləndirməsi heç də təsadüfi deyil. Elə İsrail mediası da Azərbaycana iki günlük səfəri vacib tarixi səfər kimi təqdim edir. İsrail kimi güclü bir ölkənin siyasi dəstəyi Azərbaycan üçün həqiqətən də olduqca əhəmiyyətlidir. İranı və erməniləri ən çox qıcıqlandıran amillərdən biri də məhz budur".