“Prezident bir daha Azərbaycan qanunları və bayrağı altında yaşamaq isməyənlərə qapının yerini göstərdi” - ÖZƏL
30 May 2023 11:45 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev bir daha Azərbaycan qanunları və bayrağı altında yaşamaq isməyənlərə qapının yerini göstərdi"
Bu sözləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Kəlbəcər-Laçın səfəri haqqında danışarkən deyib. O bildirib ki:
"Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Cənab prezidentin həmin ərazilərə müntəzəm səfərləri isə görülən hər bir işə, həyata keçirilən misli görünməmiş layihələrin hər bir mərhələsinə özünün birbaşa nəzarət etməsinin göstəricisidir. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri özü -özlüyündə bir tarixi hadisədir. Çünki bu səfərlər çərçivəsində biz Qarabağ və Şərqi Zəngəzurun hər keçən gün öz simasının necə dəyişdiyinə, sıfırdan necə qurulduğuna şahidlik etməklə yanaşı, həm də Prezidentin hər səfərə damğasını vuran açıqlamaları ilə də tanış oluruq. Dövlət başçısının son Kəlbəcər-Laçın səfərləri də bu baxımdan olduqca əlamətdar oldu.
1992-ci ildə, Şuşanın işğalından on gün sonra may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonunun da digər işğal olunmuş ərazilərimiz kimi necə vandalism əməllərinə məruz qaldığını hər birimiz bilirik. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən, AXC-Müsavat cütlüyünün hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün oynadığı oyunlardan yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş "Dağlıq Qarabağ" arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular. Bunun ardınca isə 1993-cü ilin aprel ayında artıq hakimiyyəti zəbt etmiş həmin qüvvələrin xyanəti nəticəsində Kəlbəcər də işğal altına düşmüşdü.
Lakin bütün bunlara baxmayaraq Azərbaycan heç vaxt işğalın nəticələri ilə barışmadı. Atəşkəs və danışıqlar dövründə iqtisadiyyatımız gücləndi və ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən müstəqil olan nadir ölkələrdən birinə çevrildi. Siyasi gücümüz artdı və bu gün bir çoxları artıq Azərbaycanla hesablaşırlar. Cənab prezidentin də qeyd etdiyi kimi ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilmir. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.
Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin apardığı düzgün və düşünülmüş siyasət nəticəsində hər sahədə inkişafa nail olundu, vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil yetişdi, bu illər ərzində Cənubi Qafqazın ən güclü ordusunu qurmaq mümkün oldu. Məhz bu ordu düşməni 44 gün ərzində darmadağın etdi, onları diz çökdürərək torpaqlarımızdan qovdu.
İndi isə yuxarıda da qeyd etdiyim kimi yeni bir mərhələ başlayıb. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri və İnsanlarımızın öz yurdlarına qayıdışı mərhələsi. Bu istiqamətdə olduqca qısa vaxt ərzində xeyli işlər görülüb. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələrin də yerləşdirilməsi planlaşdırılır. Prezidentin açılamalarından məlum oldu ki, birinci mərhələdə Laçında 4 minə yaxın insanın məskunlasaçağı gözlənilir. Bütövlükdə Laçında 7-8 ay ərzində 620-si fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina artıq inşa edilib. Bu isə artıq 764 ailənin ən qısa vaxtda Laçın şəhərində yaşaya biləcəyi deməkdir.
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Yeni dərs ili üçün məktəb artıq hazır olacaq, Aqro və Sənaye Parklarının yaradılması istiqamətində işlər görülür. Prezident səfər açıqlamasında sentyabr ayına qədər Zabux kəndinin də tamamilə inşa edilərək zabuxluların sərəncamına veriləcəyinin müjdəsini verdi.
Səfəri əhəmiyyətli edən məqamlardan biri də heç şübhəsiz ki, ilk 20 ailənin Laçına yerləşdirilməsi ilə bağlı oldu. Cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi və bu sevinci onlarla birlikdə yaşadı. Səfər zamanı Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimləri keçirildi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməli qoyuldu. Şübhə yoxdur ki, həm İşğal, həm də Zəfər Muzey kompleksləri Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaq.
Prezidentin son Kəlbəcər-Laçın səfəri hələ də Azərbaycana qarşı revanş əhval-ruhiyyəsində olanların ümidlərinin üstündən birdəfəlik xətt çəkilməsi baxımından da əhəmiyyətli oldu. İstər artıq işğaldan azad edilən həmin ərazilərə həyatın qayıtması, istər o yerlərin sakinlərinin öz doğma yurd-yuvalarına dönməsi nöqteyi-nəzərindən olsun, istərsə də Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mesajlar baxımından səfər olduca əhəmiyyətli oldu. Ölkə başçısı Qarabağ ermənilərinə, separatçılara və onların hamilərinə açıq şəkildə elan etdi ki, ""Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı, müstəqillik xülyası statusun dalınca getdi". Bununla cənab prezident növbəti dəfə bəyan etmiş oldu ki, Azərbaycanın suverenliyi çərçivəsində, Azərbaycanın şərtləri daxilində yaşamaq istəyən Qarabağ ermənilərinin hər biri bizim vətəndaşımızdır. Başqa fikirlərdə olan, Azərbaycan bayrağı altında yaşamağı qəbul etməyənlərə isə qapı açıqdır".