Ərdoğanın yenidən prezident seçilməsi Azərbaycan, Türk dünyası, ümumən dünya üçün faydalıdır - ÖZƏL
30 May 2023 11:15 Siyasət"28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi gözlənilən idi. Çünki günümüzün iqtisadi baxımdan inkişaf edən, dünyada söz sahibinə çevrilən, təkcə yerləşdiyi coğrafiyada deyil, ümumiyyətlə dünyada gedən proseslərə təsir imkanları olan Türkiyənin belə bir vəziyyətə gəlib çıxmasında Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir, danılmazdır. Ona görə də Türkiyə vətəndaşları, qardaş türk xalqı prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana etimad göstərərək yenidən onu dövlət başçısı seçdilər".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğanın qələbəsi və yenidən prezident seçilməsi təkcə Türkiyə deyil, eyni zamanda Azərbaycan, Türk dünyası, ümumıən dünya üçün faydalıdır: "Çünki Rəcəb Tayyib Ərdoğan dünya miqyaslı bir lider olaraq bu günə qədər dünyada mövcud olan bir sıra problemlərin, münaqişələrin həllində əvəzsiz rol oynayıb, Rusiya-Ukrayna müharibəsi fonunda "Taxıl dəhlizi" kimi qlobal mənada əhəmiyyətli bir humanitar aksiyanın təşəbbüskarı kimi çıxış edib, onun reallaşmasına nail olub. Ona görə də Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən dünya yalnız və yalnız faydalana bilər".
Arzuman Muradlı deyib ki, Ərdoğanın siyasətinin mərkəzində dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi, insanların rifah halında yaşaması dayanır.