28 may - Müstəqillik Günü münasibətilə Misir Ərəb Respublikasındakı Səfirliyimiz rəsmi qəbul təşkil edib - FOTO
29 May 2023 22:22 Siyasət2023-cü ilin 28 may tarixində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən 28 may - Müstəqillik Günü münasibətilə Qahirənin tanınmış beşulduzlu mehmanxanalarından biri olan "Sofitel Gazerah" otelində rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə Misirin nüfuzlu ictimai-siyasi xadimləri, dini konfederasiyaların nümayəndələri, Qalyubiyyə vilayətinin qubernatoru, Cənubi Sinay yarımadası qubernatorluğunun təmsilçiləri, bu ölkənin parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin rəhbər və müəllim heyəti, diaspora üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən AR-in Misirdəki səfiri Elxan Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulamışdır. O, 2023-cü ildə müstəqilliyimizin 105-ci ildönümünü ilə yanaşı, Azərbaycan- Misir münasiblərinin inkişafında xüsusi rol oynamış və 1994-cü ildə Misirə rəsmi səfər etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının yüz illiyini də qeyd etdiyimizi söyləmiş, bununla əlaqədar səfirliyimiz tərəfindən bir sıra akademik, idman və mədəni tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş, qonaqları bu tədbirlərdə iştiraka dəvət etmişdir.
Misirlə Azərbaycan arasında dostluq münasibətlərinə toxunan Səfir E.Poluxov bu münasibətlərin uzun tarixə malik olduğunu qeyd etmiş, 2023-cü il ərzində qarşılıqlı yüksək səfərlərin həyata keçirildiyini xatırladaraq, əsasən də yanvar ayında MƏR Prezidenti cənab Əbülfəttah Əl Sisinin Azərbaycana səfərindən və bu səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaratmasından söhbət açmışdır.
Tədbirdə qonaqlara digər mətbəxlərlə yanaşı Azərbaycan şirniyyatları da təqdim edilmiş, tədbir Azərbaycan musiqisi ilə müşayiət edilmişdir.
Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır.





