Lobbiçilik institutlarının təkmilləşdirilməsi prioritet istiqamətlər kimi müəyyən edilməlidir
21 Aprel 2023 11:27 Siyasətİstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Müstəqillik dövründən sonra dövlətin əsas diqqət yetirdiyi sahələrdən biri də diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi məsələsi idi. Düzdür, müstəqilliyin ilk illərində bu sahədə vəziyyət qaneedici deyildi və hətta deyərdik ki, diaspor, dünyada yaşayan azərbaycanlılar dövlətin diqqət mərkəzindən kənarda qalmışdı. Lakin ümummi lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu sahəyə xüsusi diqqət ayrılmağa başlandı. Nəticə etibarilə müstəqillik tarixində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Birinci qurultayı keçirildi, bu sahə ilə məşğul olan xüsusi bir dövlət qurumu yaradıldı.
_(2).jpg)
Azərbaycan diasporunun hazırkı durumuna diqqət çəkən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, Vətənin sərhədlərindən kənarda milli maraqlara xidmət etmək, dövlət siyasətini xaricdən dəstəkləmək, beynəlxalq müstəvidə təmsil etmək ən şərəfli işlərdən biridir. Bu prosesi Azərbaycanın diaspor təşkilatları həyata keçirir:
"Müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək bu siyasətin əsasını təşkil edib. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycançılıq ideologiyasının beynəlxalq əhəmiyyət qazanması baxımından önəmli bir hadisə oldu. Dünyanın 36 ölkəsindən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmvətənlərimizin birliyi və həmrəyliyi diaspor təşkilatlarımızın gücünü ortaya qoyur".
Anar Salehoğlu deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətlərinin əlaqələndirilməsi, görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində müstəsna rolu vardır:
"Əslində bu qurum mövcud zərurət nəzərə alınaraq yaradılıb. Bu istiqamətdə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Lakin beynəlxalq siyasətdə bu fəaliyyətin tənzimlənməsi istiqamətində bir sıra əlavə tədbirlərə ehtiyac olduğu diqqətə çatdırılır".
Anar Salehoğlu onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması taleyüklü və mühüm məsələrdən biridir:
"Bu birbaşa diaspor təşkilatlarının üzərinə düşən məsuliyyətdir. Ancaq bu fəaliyyət tədricən lobbiçilik müstəvisinə keçməlidir. Çünki, bizim üçün ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların qərarlarına təsir imkanlarımızın artırılması milli maraqların qorunması və diqtə edilməsi qədər vacib məsələdir. Bu zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və qəbul etdirilməsi istiqamətində daha məhsuldar işlər görə, məqbul nəticələr əldə edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı da tarixi əhəmiyyət daşıyır və diaspor təşkilatlarına öz profillərinə uyğun istiqamətdə fəaliyyət göstərməyə böyük dəstəkdir. Bu kampaniya çərçivəsində əldə olunmuş nəticələr göstərdi ki, Azərbaycan diasporasının dəstəyilə beynəlxalq miqyasda lobbiçilik daha effektivdir. Biz sübut etdik ki, erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil və sadəcə olaraq onların haqqında mif yaradılıb. Artıq dünya ictimaiyyəti Ermənistanın nəinki işğalçı dövlət olması reallığını, hətta qondarma soyqırım pərdəsi altında gizlənərək soyqırım həyata keçirdiyi faktını qəbul edir. "Xocalıya ədalət" kampaniyası gənclərin Azərbaycan diasporunun ən fəal hissəsi olduğunu da ortaya qoydu. Bu gün xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin diqqət və qayğısı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradırlar".
Sonda Anar Salehoğlu onu da qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayı tarixə "Zəfər Qurultayı" adı ilə daxil oldu: "Bu qurultayın xüsusi tarixi əhəmiyyəti vardır. Çünki, dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 illik işğala son qoymasından, tarixi ədaləti bərpa etməsindən sonra ilk dəfə idi ki, toplaşırdılar. Qurultayın mənəvi çəkisi isə onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi idi. 5-ci qurultay diaspor təşkilatları üçün yeni yol xəritəsini cızdı. 44 günlük vətən müharibəsi regionda yeni reallıqlar yaratdı, beynəlxalq müstəvidə Azərbaycanın nüfuzu artdı, ölkəmiz qərbin etibarlı tərəfdaşına çevrildi. Belə olan halda Azərbaycan diaspora təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi, fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilməlidir".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir