Indiki iqtisadi və sosial siyasət kursu uğurlarımızı şərtləndirən başlıca amillərdəndir

Azərbaycan dinamik inkişafı, əldə etdiyi iqtisadi uğurları ilə təkcə regionda deyil, eləcə də dünyada qabaqcıl yerlərdən birini tutan ölkələr sırasında qərarlaşıb. Əldə edilən uğurların təməlində isə heç şübhəsiz ki, düzgün idarəçilik, həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət kursu dayanır.  Son günlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Salyan və Neftçala rayonlarında bir sıra infrastruktur obyektlərinin açılışı fonunda bunu aydın görmək mümkündür. Məlumat üçün qeyd edək ki, dövlət başçısı səfərin yekunu olaraq Azərbaycan Dövlət Televiziyasına müsahibə verib. Prezident müsahibə zamanı bir sıra mühüm mətləblərə toxunub. Eyni zamanda regional proqramların əhəmiyyətindən danışıb.

Dövlət başçısının Salyan və Neftçala rayonlarına səfərləri, bu rayonlarda bir sıra obyektlərin açılış mərasimlərində iştirakı, eləcə də prezidentin səfərin yekunlarna dair Dövlət Televiziyasına müsahibəsinə diqqət çəkən "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisadçı Arzuman Muradlının sözlərinə görə, Cənab Prezidentin Salyan və Neftçala rayonlarına səfərinin yekunlarına dair Dövlət Televiziyasına verdiyi müsahibədən də aydın oldu ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir: "Cənab Prezidentin qeyd etdiyi kimi hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin regionlara hər bir səfəri bölgələrdə görülən işlər, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlərin cəmiyyətə çatdırılması, bölgələrdə gedən quruculuq-abadlıq işləri, infrastruktur layihələri barədə vətəndaşlarımızın məlumatlandırılması baxımından əhəmiyyətli olduğunu deyən İctimai Birlik sədri vurğulayıb ki, dövlət başçısının səfərləri həm də regionlarda görülən işlərin birbaşa prezidentin nəzarəti altında olduğunun təsdiqidir. Arzuman Muradlı onu da qeyd edib ki, dövlət başçısı müntəzəm olaraq regionlara səfər etməklə yerlərdə görülən işlərlə birbaşa yaxından tanış olur, prosesi nəzarətdə saxlayır: "Məhz regionlarda həyata keçirilən tədbirlər, görülən işlərin uğurla nəticələnməsinin arxasında prosesin dövlət başçısının nəzarəti altında olması amili dayanır. Eyni zamanda həyata keçirilən uğurlu iqtisadi və sosial siyasət kursu uğurlarımızı şərtləndirən başlıca amillərdəndir".

Dövlət başçısının sözügedən müsahibədə işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq abadlıq işlərinə də diqqət çəkdiyini və iqtisadi uğurlarımız, göstəricilərimiz nəticəsində bu işlərin geniş miqyas aldığını deyən təşkilat sədri,  "Dövlət başçısı bildirib ki, bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Prezidentin qeyd etdiyi kimi büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq ki, bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək", deyə vurğulayıb.

Arzuman Muradlı deyib ki, dövlət başçısı müsahibə zamanı Ermənistanda baş qaldıran revanşist qüvvələrə, eləcə də Qarabağdakı separatçılara öz xəbərdarlığını edib: "Cənab Prezident deyib ki, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Prezidentin təbirincə desək, separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aprelin 18-də Salyan və Neftçala rayonlarına səfərinin yekununda Dövlət Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən hər kəs nəticə çıxarmalı, dövlət başçısının xəbərdarlıqlarını nəzərə almalıdır. Dövlət başçısının müsahibə zamanı söylədiyi fikirləri həm daxili auditoriya, həm də xarici dairələrə şamil etmək olar. Hansı müəyyən xarici dairələr var ki, hələ də Ermənistanı yeni bir müharibəyə sürükləyir, bu ölkəyə hərbi dəstək verməklə regionda yenidən gərginlik yaratmağa, müharibəni alovlandırmağa çalışırlar. Həmin qüvvələrin kimlər, hansı ölkələr olduğu bütün Azərbaycan cəmiyyətinə bəllidir. Ermənistanı danışıqlar prosesindən yayındırmağa çalışan, onu hərbi texnika ilə təchiz edən ölkələr bilməlidir ki, onların bu mənfur siyasətinin heç bir nəticəsi olmayacaq. Azərbaycan Prezidentinin dediyi kimi, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Dövlət başçısının təbirincə desək, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın".

Arzuman Muradlı qeyd edib ki, Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı separatçılar Azərbaycan Prezidentinin onlara yönəlik mesajları və xəbərdarlıqlarından nə qədər tez nəticə çıxarsalar, onlar üçün bir o qədər yaxşı olar: "Ümid edirik ki, həm Ermənistan rəhbərliyi, həm də separatçılar Azərbaycan Prezidentinin xəbərdarlığından nəticə çıxaracaqlar: "Əks halda prosesləri bilərəkdən uzatmaqla udmağa çalışdıqları zaman elə onların ziyanına işləyəcək".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31