İki ölkənin qarşılıqlı əlaqələri regionların gələcəyini təyin edəcək - ÖZƏL
11 Aprel 2023 14:37 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiyanın ən böyük dövlətlərindən olan Qazaxıstana səfəri iki ölkənin də həlledici qərarlar verməyi planlaşdırdığı bir dövrdə baş tutdu". Bu fikirləri "OLAYLAR"-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Cənubi Qafqaz və Orta Asiyanın həlledici ölkələri olan Azərbaycan və Qazaxıstanın istər birlikdə, istərsə də ayrı-ayrılıqda öz regionlarında atacağı addımlar hər iki ölkənin gələcəyi üçün həlledici rol oynayacaq:
"İki ölkənin qarşılıqlı əlaqələri regionların gələcəyini təyin edəcək, eyni zamanda, beynəlxalq düzənin formalaşmasına da öz təsirini göstərəcək. İki ölkənin humanitar, iqtisadi, hərbi sahədə əməkdaşlıq etməsi Şərq-Qərb və Orta dəhliz kimi beynəlxalq proyektlərin inkişafını da şərtləndirəcək".
Azər Qasımov qeyd edib ki, Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvləri kimi bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün ciddi addımlar atırlar:
"Cənab Prezidentin TDT-nın inkişafı istiqamətində atdığı bu addımlar xüsusi əhəmiyyəti ilə seçilir. Azərbaycan TDT-nın aparıcı dövlətlərindən biridir və hesab edirəm ki, bu səfərlər təşkilatın üzvü olan ölkələr arasında getdikcə inteqrasiyanı daha da artırmaq məqsədi daşıyır".