TRIPP-ın gələcəyi: geosiyasi rəqabət və Azərbaycanın maraqları-Özəl
11:36 Siyasət"Ermənistan parlamentinin oktyabrın 28-də TRIPP layihəsi ilə bağlı ABŞ-la çərçivə sazişini ratifikasiya etməsi layihənin Ermənistanda həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması və praktiki addımların atılması baxımından mühüm hadisədir. Lakin ratifikasiya layihənin praktiki icrasına dərhal başlanılması demək deyil. Səsvermənin nəticələri də göstərir ki, layihə Ermənistan daxilində birmənalı qarşılanmır və siyasi maneələr qalır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar dadaşov deyib: "TRIPP iqtisadi, nəqliyyat, tranzit və infrastruktur layihəsi kimi təqdim olunsa da, faktiki olaraq böyük güclər arasında geosiyasi rəqabət platformasına çevrilib. Layihənin gələcəyi təkcə infrastrukturun qurulmasından deyil, regionda təsir və nəzarət imkanlarının bölüşdürülməsindən də asılıdır.
İran Ermənistan ərazisində ABŞ-a məxsus hərbi qüvvələrin və ya digər hərbi birləşmələrin yerləşdirilməsinə qarşı çıxaraq təhlükəsizlik mexanizmlərində Rusiyanın rolunun qorunmasını müdafiə edir və gələcəkdə Rusiyanın layihəyə qoşulması ehtimalı qalır. ABŞ tərəfindən TRIPP çərçivəsində yaradılması nəzərdə tutulan şirkətin rəhbərliyində rus əsilli şəxslərin olması Rusiyanın layihədə dolayı iştirakına əsaslı sübut olmasa da, Moskvanın prosesdən kənarda qalacağı qənaətinə inamı azaldır.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında oktyabrın 9-da əldə edilmiş dizel yanacağı razılaşması da TRIPP-ə təsirsiz keçməyə bilər. Noyabrda keçiriləcək ABŞ Konqresinə seçkilər ərəfəsində yanacaq qiymətlərinin aşağı salınması Tramp üçün iqtisadi və siyasi baxımdan əhəmiyyətli olsa da, razılaşmadan sonra ABŞ-da və dünya yanacaq bazarında qiymətlərin azalacağı ilə bağlı gözləntilər özünü doğrultmadı. Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya gəmilərinə zərbələr endirilməsi və danışıqlara hazırlıqla bağlı mövqeyi də Trampın xeyrinə işləmədi. Ancaq ABŞ-Rusiya münasibətlərində mümkün sövdələşmələrin regional geosiyasi proseslərə təsiri istisna deyil.
Azərbaycanın Çinlə, ardınca isə Hindistanla əlaqələrini genişləndirmək istiqamətində atdığı addımlar Orta Dəhlizin, Zəngəzur istiqamətinin və ölkəmizin tranzit imkanlarının əhəmiyyəti ilə birbaşa bağlıdır. Bu proseslər, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc statusunu möhkəmləndirmək siyasətinin tərkib hissəsidir.
Ermənistanın dəmir yolu ilə yanaşı, avtomobil yolu, enerji infrastrukturu və digər tranzit xətlərinin yaradılmasını nəzərdən keçirməsi layihənin əhatə dairəsini genişləndirir. Lakin bunların hamısı texniki layihələndirmə, maliyyələşmə, hüquqi prosedurlar və uzunmüddətli praktiki işlər tələb edir. Yəni, siyasi bəyanatları praktik icra ilə eyniləşdirmək olmaz.
Ermənistan daxilində TRIPP-ə qarşı siyasi müqavimət də qalmaqdadır. Revanşist qüvvələrin fəallaşması, xaricdəki erməni diasporunun və kilsənin proseslərə müdaxiləsi layihənin həyata keçirilməsinə çətinliklər yarada bilər. Buna görə də parlament ratifikasiyası Ermənistan daxilində hələ siyasi razılığın əldə olunması demək deyil. Böyük güclər arasındakı geosiyasi rəqabət, Rusiyanın mümkün iştirakı, İranın etirazları və Ermənistan daxilindəki siyasi müqavimət layihənin gələcəyini qeyri-müəyyən saxlayır.
Yeni geosiyasi və regional reallıqlar fonunda Azərbaycan üçün isə əsas hədəf ölkənin əsas ərazisi ilə Naxçıvan arasında etibarlı, fasiləsiz bağlantının təmin edilməsidir. Yəni, TRIPP-in real əhəmiyyəti Azərbaycanın milli maraqlarının kəsişməsindən keçir".