Ermənistan "qırmızı xətti" keçir: normallaşma prosesi təhlükədə
16 Mart 2023 18:58 SiyasətƏsassız iddialar: sülh müqaviləsinin bağlanmasına xidmət edirmi?
Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanla münasibətləri normallaşdırmaqla bağlı təxribatçı ritorika və populist motivli bəyanatlarının məzmununa nəzər saldıqda, Henri Kissincerin incə qeydi yada düşür. Böyük diplomat demişdi: "siyasətçilərin haradasa doxsan faizi bütün qalanların reputasiyasını korlayırlar"! Nikol Paşinyan başda olmaqla erməni siyasi isteblişmenti Azərbaycanla bağlı absurd, əsassız və gülünc fikirlər söyləməkdə davam edirlər. Lakin onların "davamlılığı" yalnız təxribat və təzyiq kampaniyaları ilə əlaqəli deyildir. Erməni siyasətçiləri və hökumətin başında duranlar həmişə olduğu kimi, Avropada zəng etmədikləri yer qoymayıblar. H.Kissincerin isə bir ironiyası unudulmur: "Avropa ilə danışmaq üçün kimə zəng edim?".
Məsələ ondan ibarətdir ki, ağıllı adamlar üçün danışmaq çox məsuliyyətli işdir. Hətta filosoflar danışığı insanın kimliyi, mənəviyyatı və ağlı ilə əlaqələndirirlər. Sokrat deyirdi ki, "danış, səni görüm"! İndi erməni siyasətçilər danışır və biz onların qərəzli iç üzünü aydın görürük. Azərbaycan tərəfindən ordusu darmadağın edilmiş, siyasi, ideoloji, mənəvi-mədəni kapitulyasiyaya uğradılmış bir kvazidövlətin Bakı ilə münasibətləri bərpa etmə məntiqinə (əslində isə məntiqsizliyinə) baxdıqda, tezisimizin doğru olduğuna əmin oluruq!
Azərbaycan qırx dörd günlük müharibədə siyasi-hərbi qələbəyə nail olduqdan sonra təcavüzkar Ermənistana sülh əlini uzatdı. Bu, tamamilə ədalətli, məntiqi və humanist addım idi. Çünki Azərbaycan Prezidenti çox gözəl bilir ki, "sülhə, razılığa gəlməklə yox, qələbəylə nail olunmalıdır" (Siseron)! Təsadüfi deyildir ki, dövlət başçısı dəfələrlə xüsusi vurğulayıb ki, qalib dövlət kimi yenə də məğlub Ermənistana barış və sülh əlimizi uzadırıq.
Prezidentin köməkçisi Hikmət Hacıyev də son müsahibələrinin birində İlham Əliyevin bu addımı ilə bağlı ifadə edib: "Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür".
Ancaq Ermənistan rəhbərliyi özünü sülh tərəfdarı kimi deyil, qisasçı kimi aparır. Bu o deməkdir ki, "Ermənistanın Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımasına" baxmayaraq, "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır". Bütövlükdə isə "2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur".
Təbii ki, Azərbaycan rəhbərliyi öncədən bu kimi yayınmaların mümkünlüyünü proqnozladırmışdı və ona tam hazırdır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev davamlı olaraq konkret əməkdaşlıq layihələrini reallaşdırır, yeni əməkdaşlıq formatları təklif edir, Qərbin aparıcı dövlət başçıları ilə müzakirələrində sabit sülhsevər mövqeyini ifadə edir. Bununla yanaşı, ölkə rəhbəri müxtəlif aspektlərdə Qərb dövlətləri ilə yeni əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Prezident İlham Əliyevin bu düşünülmüş, sabit və qətiyyətli siyasəti Ermənistanın bütün qeyri-konstruktiv cəhdlərini puça çıxarır. Görünür, burada yenə H.Kissinceri xatırlamaq yerinə düşər. Tanınmış siyasətçi-strateq deyib ki, "fövqəldövlətlər müttəfiqləri naminə heç zaman özlərini qurban vermirlər"!
Bu halda Prezident İlham Əliyev elə müstəqil, konstruktiv və sivil siyasət yeridir, layihələr həyata keçirir ki, ABŞ, Almaniya, Rusiya, Çin və başqaları səbatsız Ermənistana görə Azərbaycanın haqq işinə qarşı sona qədər çıxa bilməzlər. Bu, H.Kissincer demişkən, onların özlərini və xalqlarını qurban verməsi demək olardı! Ermənistanın bu cür zəlil duruma düşməsi təbiidir. Hətta "KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər" (Hikmət Hacıyev).
Prezidenti İlham Əliyevin sülh gündəliyi: sabit və dəyişməz mövqe!
Əslində, Ermənistan səmimi olsa idi necə davranmalıydı? Son 30 ildə Azərbaycana qarşı tutduğu mövqeyə az-çox obyektiv qiymət versəydi, görərdi ki, Azərbaycanla bağlı suverenlik, ərazi bütövlüyü ifadəsini eşitmək belə istəməyib. Siyasəti ardıcıl və məntiqi, beynəlxalq hüquq normaları çərçivəsində olmayıb. Bu müddətdə Qarabağda yaşayan ermənilər, faktiki olaraq, rəsmi İrəvanın qeyri-konstruktiv siyasətinin girovu olublar. Bütün bunların fonunda Ermənistan rəhbərliyi "İkinci Qarabağ müharibəsindən əvvəl "Qarabağ Ermənistandır və nöqtə", "Yeni ərazilər naminə yeni müharibə", "Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq", "7 şərt" kimi bəyanatlar verməklə yanlış mövqe tuturdu.
Savaş meydanında məğlub olandan sonra bu kimi destruktiv məqamlar dəyişməli idi. Bəs indi nə müşahidə edirik? "Baş nazir bir şey deyir, digər rəsmilər tamam ayrı şeydən danışır. Gah deyirlər ki, Laçın yoluna BMT missiyası getməlidir, gah da deyirlər ki, yox, Ermənistan Laçın yolu ilə məşğul olmayacaq. Gah deyirlər ki, 1991-ci il Almatı bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsasını təşkil etməlidir, gah da iddia edirlər ki, anklav kəndlərin hüquqi əsası yoxdur. Gah da Ermənistan lideri BMT tribunasından deyir ki, Azərbaycan xəritədə bizə göstərsin ki, Ermənistanın əraziləri hansıdır".
Bunun fonunda da "Qarabağın ətrafında demilitarizasiya olunmuş zona yaradılsın", "BMT-nin fakt-araşdırıcı missiyası Qarabağa, Laçın yoluna göndərilsin" və s. kimi cəfəng fikirlər irəli sürürlər. Rəsmi İrəvanın Laçın yolu ilə bağlı yaydığı informasiyalarda bu cür məqamların olması, onların ağıllanmadıqlarını nümayiş etdirir. Bu, "utopiyadan, geosiyasi avantüradan, süni gərginlik yaratmaqdan başqa bir şey deyil". Həm də meydana haqlı sual çıxır: "Ermənistan hansı əsasla başqa bir ölkənin ərazisinə BMT və ya ATƏT missiyasının göndərilməsinə çağırır?" Hansı təşkilat Azərbaycanın razılığı olmadan belə addımlar ata bilər? Beynəlxalq hüquq, BMT Nizamnaməsinin müddəaları bunu mümkünsüz edir.
Prezident İlham Əliyev dəfələrlə bu məqamı vurğulayıb, o cümlədən Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsinin tam olaraq Azərbaycanın daxili işi olduğunu qətiyyətlə ifadə edib. Buna görə də "Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək... Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb".
Bütün bunlar onu göstərir ki, Laçın yolunda sərhəd-nəzarət məntəqəsinin qurulması qaçılmazdır və bütövlükdə Qarabağ məsələsində erməni spekulyasiyalarına son qoyulmalıdır. Ermənistan ərazi iddialarından, müxtəlif bəhanələrlə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən əl çəkməli və birmənalı olaraq "Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir". Əks halda, Ermənistan daha çox zərər görməyə məhkum olacaq!
İndi Ermənistan rəhbərliyi növbəti uydurmalara əl atır. Məsələn, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq niyyətlərini Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə adlandırır. Publili Sirin bir müdrik kəlamını undurlar: "Başqalarından sənin başqaları üçün etdiyini gözlə". Azərbaycanda yaşayan bir ovuc erməni üçün status tələb edənlərin qarşısına başqa hansı həqiqəti qoymalıyıq ki? Qərbi Azərbaycan İcmasının tələbi tamamilə əsaslı, tarixi baxımdan ədalətlidir və beynəlxalq hüquq normaları çərçivəsində insan haqlarının gözlənilməsidir! Bunu rəsmi İrəvanın özünün bildiyi kimi interpretasiya etməsi isə xəstə və zəif təfəkkürün məhsuludur.
Qərbi azərbaycanlılar min illər yaşadıqları torpaqlarına qayıtmalı və orada dinc yanaşı yaşamaq hüququndan yararlanmalıdırlar. Ermənistan rəhbərliyi başqa heç bir şeyi düşünməsin - bu məqsədə çatılacaq! Bununla onların Qarabağla bağlı siyasi-ideoloji və hüquqi spekulyasiyalarına da son qoyulacaq!
Bir sözlə, Ermənistan rəhbərliyi Avropa İttifaqı missiyasından sui-istifadəyə can atmamalı, Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməli, Azərbaycan rəhbərinin təklif etdiyi prinsiplər çərçivəsində sülh müqaviləsini imzalamalıdır. Başqa halda, rəsmi Bakı sülhə məcburetmə əməliyyatına başlaya bilər! Onda isə yeni şərtlər ermənilər üçün daha ağır ola bilər!
Kamal Adıgözəlov