Vətənpərvərlik azərbaycançılıq ideologiyasının mühüm amillərindən biridir
17 Mart 2023 11:20 Siyasətİstiqamət: Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Ən müxtəlif dünya ölkələrində məskən salmış soydaşlarımızı vagid ideologiya ətrafında birləşdirmək müasir dövrün əsəs tələblərindən biri idi. Azərbaycan xalqının ikiyə parçalanması, yaxın-uzaq ölkələrə səpələnməsi, soydaşlarımızın bir-biri ilə əlaqələrinin olmaması vahid bir ideologiyanın vacibliyini şərtləndirirdi. Etiraf edək ki, sözügedən tələbi zamanında dəyərləndirən Ümumilli lider Heydər Əliyevin irəli sürdüyü Azərbacançılıq ideologiyası bu boşluğu aradan qaldırmış oldu. Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdu. Məhz bu müstəqilliyi qoruyub saxlamaq, daxili və xarici təhdidləri zərərsiz ötüşmək üçün hamı tərəfindən qəbul edilən ideologiyaya ehtiyac duyulurdu. Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycançılıq ideologiyası sözün əsil mənasında soydaşlarımızın vahid ideoligiya ətrafında birləşməsində mühüm rol oynadı. Qeyd edək ki, Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.
Hüquqşünas Mirzə Manafov qeyd edib ki, Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. Azərbaycançılıq ideyası universal dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir: "Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır.Vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 52- ci maddəsinə görə, "Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır". Vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir". Onun sözlərinə görə, Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir: "Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir". Millət vəkili Anar Məmmədov qeyd edib ki, Ulu Öndər Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmiş, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış etmişdir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir". Millət vəkili qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Həqiqətən də azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirdi, bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçərək bizim bir millət olaraq formalaşmağımızda mühüm rol oynadı: "Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliğinə, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsinə xüsusi töhfələr verəcək, dahi şəxsiyyətin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğ edilməsi aktual olacaq".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir